Şakir Xanhüseyn - OCAQ
Ocaq da bir nəfəsdi gedib-gəlir bu evdə,
Elə bil ən gözəl söz eşidilir bu evdə...
Ocaq yuxarı başda- onun yeri başdadı,
Evdə ocağın yeri, bəli, tamam başqadı.
Ocaq da danışandı od-alov dili ilə,
İsidəndi həm közü, həm də ki, külü ilə.
Sağına, soluna bax, bilsən, o da bir candı,
Gecə-gündüz deməyib daim odlara yandı;
Ocağın lap əzəldən atəşdi, oddu bağrı,
Günün istisində də yanır duymadan ağrı.
Yandırma ocağını ancaq nahaq odla sən,
Sönər,sonra odunu heç söndürə bilməzsən;
Gözünə yalan atma, doğrularla alışdır,
Həmişə od misalı duyğularla alışdır.
Ocağı da birimiz bilək, elə oyuq de,
O bizə yanır, biz də ona yanmalıyıq de...