Sabir  Zəkullaoğlu - Söyüş söymək hansı ehtiyacdan doğur?

YAZARLAR 10:00 / 18.02.2026 Baxış sayı: 582

Söyüş söymək hansı ehtiyacdan doğur?

Bəlkə də bu gün araşdırmaya ən çox ehtiyacı olan sosioloji mövzulardan biri budur. Maraqlıdır, insan nədən və hansı ehtiyacdan söyüş söyməyə əl atır?

Bu ehtiyac söyüş söyənin dilinin zəifliyindən, yoxsa əksinə, daşıdığı dilin daha da zənginliyindən irəli gəlir?

Çünki həyatda hər şey ehtiyacdan doğur. Ehtiyac biliyin açarıdır, deyiblər. Ancaq ehtiyacı olduğun sahəyə aid biliklərin yoxdursa, sən bu sahədə piyadasan, kasıbsan. Sənin əlində tutarlı faktlar yoxdursa, sən bəsit üsulla mübarizə aparmağa məcbursan.

Əlbəttə, söyüş söymək əxlaqsızlıq və mənəviyyatsızlıqdır.

Ancaq bununla bərabər bu həm də, çarəsizliyin göstəricisidir. Bu halda məlumatsız, həm də əxlaqi və mənəvi cəhətdən qısır insanlar söz bazasının azlığından və ya daşıdığın dilin kasadlığı, zəifliyi baxımından söyüşə əl atmağa məhkumdur.

Məsələyə məhz bu konteksdən yanaşsaq ortaya maraqlı bir sual çıxır. Danışığında daha çox söyüş olan millətlər hansı millətlərdir?

-Dilləri, şifahi xalq ədəbiyyatı və folklor nümumələri, yazılı ədəbiyyatları, nağıl və söz bazaları daha zəngin olan millətlər, yoxsa əksinə?

Məsələn, ingilis, çin, ərəb və ya fransız dili kimi dillərin çox geniş söz ehtiyatı var.

İngilis dili xüsusilə beynəlxalq terminlər, texniki sözlər baxımından ən zəngin dillərdən biri hesab olunur.

Şərq həmişə öz müdrüklüyü, mənəvi dəyərləriylə seçilib.

Şərqdə böyüyə kiçiyə həmişə hörmət, bir ağsaqqal institutu olub.

Doğrusu bu oxuduqlarımdır.

Gördüyüm və şahidi olduğum isə odur ki, ağsaqqal hətta ağbirçək dediyimiz adamlar, indiki gənclərdən mənəvi və əxlaqi baxımdan daha kasad idilər.

Mən həmişə demişəm: indiki oğullar, atalarından daha mədəni və daha tərbiyəlidirlər: müşahidələrim bunu deyir!

Uzaq tarix deyil. Otuz qırx il əvvəl, idarə və təşkilatlarda söyüş adi danışıq tərzi idi. Müdir işçiləri söyə, hətta döyə də bilərdi.

Məsələn, adi üzüm sahəsində briqadir işləyən adam, işçilərini çox sərbəst şəkildə döyüb, söyə, təhqir edə bilərdi.

Bəlkə də bu bizə rusdan keçən "mədəniyyət" idi : çün, sovet vaxtı idi.

Ancaq reallıq ondan ibarət idi ki, sovxozda gözətçi işləyən altmış yaşlı Şərq kişisi hər gün öz kəndlisini gündə beş altı dəfə yağlaşdırırdı.

Müəllimlik müqəddəs peşədir. O üzdən müəllimlərimiz haqda bir cümlə yazıb keçəcəyəm : müəllimlər bizi məktəbdə təhqir edir, eşşək yerinə döyürdülər.

Hələ kənddə arvad davasındakı folklor nümunələrini demirəm..

Bir ara düzəlmişdik...

Bu gün yenə də söyüş ritorikası gündəm olub.

Söyüş söyən adam mənim gözümdə yerlə birdir. Baxmadan keçirəm. Sadəcə millətim adına utanıram.