Aida Adıgözəl : - Tənha ruhlar

Ədəbiyyat 09:48 / 25.08.2025 Baxış sayı: 1980

 

Hərdən soruş məni bağlı qapıdan,

qaranquş yuvalı tozlu eyvandan,

dəstəyə keçirilib yazısı itmiş,

haçandansa qalmış köhnə qəbzdən,

pərdəsi qaralmış hörümçək torlu

dəmir barmaqlıqlı pəncərələrdən...

Hərdən otağa gir, evə də baş çək,

göz gəzdir eyvana, zəngli saata,

gör saat səkkizdə yenə vururmu?

 

Dolabları dağıt, eşib səpələ,

gör o çox sevdiyim yaşıl pijama

həmin siyirmədə yenə dururmu?

Hərdən soruş məni boş çərçivədən,

masanın küncünə niyə atılmış,

soruş içindəki şəkillər hanı?

 

Hərdən yadına sal, hərdən xatırla,

nişan üzüyünün üstü pozulub

hansısa zərgərə niyə satılmış?

Hərdən soruş məni kirli yataqdan,

niyə səliqəsiz, niyə çirklidir?

 

Onu kim unudub, yığışdırmayıb?

Çoxdandı üstündə yatmıram deyə

təmiz görünməyi güllü mələfə

inciyib özünə sığışdırmayıb?

 

Hərdən soruş məni kimdən, kimsədən,

hərdən soruş məni, heç çəkinmədən...