Aida Adıgözəl : - Adsız kölgələr
Unut,
bütün fobiyalılar belədir
(hələ də Venüstrafoblar).
İşığa baxmaqdan,
oda toxunmaqdan,
sevdaya yoluxmaqdan,
ürəyə təmasdan qorxarlar.
Unut,
öldür hər şeyi!
Sonra da bütün cinayətkarlar kimi
sil sevdamızın izlərini.
Amma unutma,
bütün cəsədlərin gözlərində donur
qatillərinin şəkli...
Hüzn xoru
Bütün gedənləri yola saldım ürəyimdən...
hələlik,
yaxşı yol,
xudahafiz,
əlvida!
Deyim qulağında sırğa elə,
bu gözlərinin kədərini
eynək altında gizlədən
saçları boyalı
tənha qadının dediklərini:
- Bütün xoşbəxtliklərin qənimidir ayrılıqlar, vida!
Desəm - darıxıram, inanma.
Desəm - ağlayıram, pis olma.
Desəm - xoşbəxt idik, unutma.
Desəm - heç nəyi unutmamışam, İNAN!..
Sevda körpüsü
Yenə yadıma düşmüsən,
darıxıram.
Bulud keçir gözümdən,
damır tavan,
qulağımda su səsi.
Aramızda uzun yol var,
adı Sevgi körpüsü.
Səndən keçmək ölüm kimi...
Səndən keçmək zülüm kimi...
Gəl Günəşim,
çıx Günəşim,
işıqlandır dünyamı.
Zülmət olur tənhalığın kölgəsi.
Bilirdim,
ürəyimə dammışdı
qayıdacaqsan bir gün.
Əllərin ətəyindən uzun,
gözlərimin kökü saralanda...
Çox şeylər deyərdim sənə,
çox şeylər yazardım sənə...
Amma indi nə faydası?
Daha sevdiklərindən
Tanrı yaratmağı unudub qadınlar...