Yadigar Təvəkgul  -  İndi məhəbbətin bənövşə vaxtı

Ədəbiyyat 08:08 / 11.02.2026 Baxış sayı: 1068

İndi məhəbbətin bənövşə vaxtı,

Çək sinənə dönə dönə qoxusun .

Səhər gözlüm gəl könlümə qonaq ol,

Qoyma qaça gözlərimin yuxusun.

 

İndi məhəbbətin bənövşə vaxtı ,

Ürəyimdə boynun büküb dayanıb.

Jalə olub hər damlası ruhuma,

Ətrin verib ürəyimdə oyanıb .

 

İndi məhəbbətin bənövşə vaxtı ,

Narın yağış kimi yağır astaca.

Toxunuram ,bihuş olur ürəyim,

Həsrətinə yoluxdurur ustaca.

 

Indi məhəbbətin bənövşə vaxtı,

Ən kövrək çağıdır, sınan çağıdır.

Həsrətin,hicranın, qəmin, kədərin,

Yandıran çağıdır ,yanan çağıdır.

 

Indi məhəbbətin bənövşə vaxtı ,

İncitsən bir ömür küsüb, inciyər.

Keçirib boynuna edam kəndirin,

Bütün bənövşələr intihar edər.