VAQİF YUSİFLİ - NİZAMİ MURADOĞLU
(“Heç kim unudulmur” silsiləsindən)
Nizami Muradoğlunu (Məmmədov) mən ilk dəfə Naxçıvanda gördüm O, Ordubad rayonunun komsomol komitəsinin birinci katibiydi. Qısaca görüşümüz oldu. Öyrəndim ki, o da şeir yazır. Amma kitabı hələ çıxmayıb. Sonra elə oldu ki, onun ilk şeirlər kitabına rəy yazdım. (“Qayıda bilmirəm - 1989”). Nizami Ordubad icra başçısı vəzifəsində çalışanda da görüşümüz oldu. Bir müddət sonra o, Bakıya köçdü. Biz akademiyada, tədbirlərdə tez-tez rastlaşırdıq. Nizami ilə aramızda yaxşı münasibət yarandı və biz dost olduq.
Haqqa yol gedirəm, yolum uzaqdı,
Qarşımda Arazdı, arxamda dağdı.
İkiyə bölünən ana torpaqdı,
Bizmi günahkarıq, ya sənmi, Vətən?
Haqqa yol gedirəm, yolum gen düşür,
Təbrizdən, Kərkükdən, Göyçədən düşür.
Gedə bilmədiyim Vətəndən düşür,
Gedə bilmədiyim Vətənmi,-Vətən?
Haqqa yol gedirəm, yolum yamandı,
Arazım qılıncdı, Xəzərim qandı,
Deyirlər dövran da ayrı dövrandı,
Deyənlər yanılır, ya mənmi, Vətən?
Haqqa yol gedirəm, yolum duman, çən,
Zəngəzur mahalım, Qarabağ Vətən.
Döyüş təbilləri vurulmur nədən?
Cəngi çaldırmağa vədənmi, Vətən?
Döyüş bayraqların qaldırıb göyə,
Uğrunda baş qoyub, baş əritməyə,
Qurğuşun yeməyə, daş əritməyə
Sinəmiz hazırdı, möhkəmdi, Vətən!
«Vətən» adlı bu şeir mən deyərdim, onun ən yaxşı şeirlərindən biridir. Ədəbiyyata, müqəddəs poeziya məkanına yetmişinci illərin sonlarında gəlib. Səssiz olub gəlişi, heç bir harayla, qışqırıqla ya bir ustad şairin «Uğurlu yolu» ilə gəlməyib. Sadəcə, ürəyində yatıb qalan, amma get-gedə sinəsində qövr edən hissləri şeirə çevirib, tədricən hamının diqqətini cəlb etməyə başlayıb. Böyük şairimiz Məmməd Araza şeirlərini oxuyub və onun şifahi xeyir-duasını dinləyəndən sonra içində bir inam oyanıb.
Nizami Muradoğlu məşhur Əylis kəndində dünyaya göz açıb. Naxçıvan Dövlət Universitetində tarix-ədəbiyyat fakültəsində təhsil alıb, ordu sıralarında xidmət edib. Elə ilk şeirlərini də o illərdə yazıb, amma üzə çıxarmağa, çap eləməyə tələsməyib. Çünki şeirə, sənətə ötəri bir həvəs kimi baxmayıb. Uzun müddət komsomol və partiya işində çalışıb. 26 il vəzifədə olub-məmur həyatı yaşayıb. Amma məmur kostyumunun altında məmur sinəsi döyünməyib, çünki qəlbən məmur deyildi, şair idi. İjra başçısı olanda Ordubadın bir rayon kimi gözəlləşməsinə, mədəni qurujuluq işlərinə, insanların firavan yaşamsına çalışıb. O illərdə də şeirdən əl çəkməyib. Daha doğrusu, şeir ondan əl çəkməyib. Çünki şair ürəyi həmişə dərdin, ağrının məkanı olub.
Məmməd Araz, adın qoşa Arazla,
Dərin oldun heç üzmədin dayazda.
Ha gileylən, ha sızılda, ha sızola,
Dərlərinə olmaz dərman, onu bil.
Bu dünyanın dərdi yaman böyükdü,
Bu dərdlərə Araz dərdi də yükdü.
Cəlil, Cavid, Müşfiq, Hadi də köçdü,
Əcəl verməz, verməz aman, onu bil.
Bu dərdləri, ajıları sən duyub,
Çox da Araz, Araz deyib ağlama.
Araz mənim torpağımı doğrayıb,
Məmməd Araz, ürəyimi doğrama.
Məmməd Araza olan sevgi əbəs deyildi. Naxçıvanda doğulan şairlərin çoxu bu ustaddan poeziya fənnini öyrənmişlər. Onun kimi Vətəni sevmək dərsi mənimsəmişlər. Nizami Muradoğlunun Məmməd Arazla görüşləri çox olub. Və bu sevgi, ustada dərin hörmət və ehtiram Bakıya köçəndən sonra də əksilməyib. O, «Məmməd Araz yaradıcılığında folklor» mövzusunda namizədlik dissertiasiyası müdafiə edib.
Əlbəttə, DƏRD deyəndə ağlamaq, sızıldamaq düşünülmür. Bu, hər bir şairi düşündürən müqəddəs dərdlər idi. Nizami Muradoğlu da həmin dərdlərin poeziyasını yaratmağa can atırdı. «Ordubadda nəhəng bir çinarın ətrafına beton tökdülər, su içə bilmədi. Başını kəsdilər, günəşə boylanmadı. Qollarını kəsdilər, quru gövdəsi qaldı»-dərdin böyüyü, kiçiyi olmur. Düşünürük ki, tkiyə bölünmüş Vətənimizin dərdindən böyük dərd ola bilməz, Hadinin, Cavidin, Müşfiqin ajı taleyindən ağır nisgil ola bilməz, amma bir çinarın fajiəsi də dərddir.
Ağzı şüşə baltaların,
Ovxarından baş kəsilir.
Bu dünyada nə kəsilir,
yaş kəsilir.
Başı kəsilən çinarım.
Əsrlərin həmyaşıdı,
Dünya namərd yoldaşıdı.
Nəğməm sənə başdaşıdı,
Ölümsüz ölən çinarım.
Nizami Muradoğlunun «Bu dünyanın məzarları ağlamaz» adlı bir şeiri də var. Bu şeir dahi Hüseyn Cavidin oğlu Ərtoğlul Cavidin məzarı önündə düşünsələrdən yaranıb.
Sınıb sinə daşı mərmərdən deyil,
Üstündə yazısı heç zərdən deyil.
Bu məzar ağlayır, qəhərdən deyil,
Bu məzar ağlayır,
Niyə ağlayır?
Bu dünyanın məzarları ağlamaz,
Bu dünyanın məzarları ağladar.
Ağlamayan məzarların içində,
Bu dünyada ağlayan bir məzar var.
Böyük bir dərdin ifadəsindən yaranan bu şeir sonralar Nizami Muradoğlunun Ərtoğrul Cavidə həsr elədiyi dramatik poemasının yaranması üçün bir vəsilə olacaq. Həmin poemada ədəbiyyatımızda ilk dəfə olaraq Ərtoğrul Cavidin həyat yolu və nakam ömrü bədii lövhələrə çevriləcək.
Nizami Muradoğlu həm də təbiəti sevən və duyan şair idi. Sevgi sözü ona görə öndə gəlir ki, təbiəti sevmədən, özünü bir qaya, bir ağac, bir çeşmə sanmadan ondan şeirlər yazmaq olmaz. Hüseyn Arifi, Musa Yaqubu, Hüseyn Kürdoğlunu, Məmməd Aslanı xatırlayın. Nizaminin şeirlərindəki təbiət notları Naxçıvanın sal daşlarından, Babəkləşmiş dağlarından, Heyran xanımın şeirlərinə oxşar həzin çeşmələrdən və əlbəttə, doğulduğu Əylisdən, Ordubaddan gəlir. «Bir bulağın laylası»nı dinləyək:
Laylam ilə gəl uyu,
Nəfəsini qoy duyum.
Şırıl-şırıl
Yat ey çınqıl
balam çınqıl,
gülüm çınqıl.
Nizami Muradoğlu lirik şair idi və bu lirika onun poemalarının da mahiyyətini müəyyənləşdirir. «Ay çinar ağacı» poeması nəğmələrdən ibarətdir. Poema müharibədən qayıtmayan bütün əmilərin xatirəsinə həsr edilib. O çinar ağaclarını əmilər müharibəyə gedəndə əkmişdilər. «Onun yadigarı bir çinar qalıb, Həm mənim xatirəm, həm mənim qəmim…Elə sənin kimi ujalardı o, Ay çinar ağacı, əmim kimisən».
O da sevgi şeirləri yazır və onun sevgi şeirləri ötəri hisslərin yox, yaşanılan hisslərin ifadəs idi. Çalışır ki, ilk sevgisini unutmasın. İlk sevgisini unudandan şair olmaz…
Bir uşaqlıq sevginin
Qıfılı məndə qaldı.
İndi isə işə bax,
Adın özgə dilində,
Saçın özgə əlində,
Həsrətin məndə qaldı.
Nizami Muradoğlu adi insanlardan da şeir yazırdı, bulaqdan da, daşdan da, qəlbinə təsir edən bir hadisədən də, böyük Vətənin böyük dərdlərindən də. evsizlərin, yurdsuzların, Qarabağ faciəsinin, itirilmiş torpaqlarımızın ağrısından da..Demirəm ki, hamısında uğur qazanır, yox, onun yaxşı şeirləri ilə müqayisədə, nisbətən geriləyənləri də vardı. Amma çalışırdı ki, poetik səmimiyyətdən uzaq düşməsin. Şeiri ŞEİR kimi yazsın. Qoşmanın şəklini çəkməsin, özünü yaratsın. Hecada da, sərbəstdə də vəznin nəbzini tutsun, amma bu «klassik» qanunun əsiri olmasın.
Mən Nizamini belə bir şair kimi tanıyırdım .
Amma əcəl imkan vermədi. Nizami 24 oktyabr 2021-ci ildə 66 yaşında Bakı şəhərində koronovirus xəstəliyinin qurbanı oldu.
Allah rəhmət eləsin!