Ayaz Arabaçı - Gedirsən, gedirsən...

Ədəbiyyat 09:10 / 24.06.2026 Baxış sayı: 299

Gedirsən, gedirsən,

yol qurtarmır ki,

Bir küçə o biri küçəyə çıxır."

Səhərlər adama ümid versə də,

Sonunda hamısı gecəyə çıxır.

 

Ürək yerindədi, xəyal yerində,

Saat da hələ ki, biri göstərir.

Eşq elə iksirdi, əvəzi yoxdur,

Ölmüş adamı da diri göstərir.

 

Mən niyə deyirəm saat bir, yəni,

Vaxt sənin getdiyin yerdə dayanıb.

Vəziyyət elə də qəlbimə yatmır,

Arada bir qara pərdə dayanıb.

 

Gör neçə qış keçib, gör neçə bahar,

Rəqəmlər düz gəlir, hesab-kitabda.

Üz tutub gedirəm, üzü küləyə,

Külək köməkçimdi sənə xitabda.

 

Orda bir qız durub üzü payıza,

Özü sən deyilsən kölgəsi sənsən.

Sənə neçə aylıq günəş göndərim,

Mənimçün buzlaqlar ölkəsi sənsən.

 

Mən sənə sevgimdən dəyişməmişəm,

Yenə də həminki tonda yazıram.

Bəzən sən sarıdan iştaham olmur,

Meylim nə vaxt çəkir onda yazıram.

 

Hərdən salam verib keçir xəyalın,

Gözümə hələ də qərib dəyirsən.

Bəlkə pis olmayım deyə keçəndə,

Göz yaşı içində gülümsəyirsən.

 

Döndüm o İlahi çağlarımıza,

Əlimdə son vida yerinə əklil.

Evə gec qayıtdım, saat üçüydü,

Saçım yağışlıydı, əynim küləkli..