Könül Nuriyeva : - Çoxu bunları yazmaz və deyər ki, “başqaları…!
Bəzən o qədər tənha oluram ki, bunu ifadə etməyə nə sözlərim, nə də hisslərim çatır. Elə bir adam olmur ki, ona bircə cümlə deyim və o, elə həmin cümlədən məni dərindən başa düşsün. Təkliyimin hüdudu olmur. Onu ovutsa-ovutsa, ancaq ağaclar, azca buludlu mavi göy və dualar ovuda bilər.
Əvvəllər soruşsaydılar ki, "Təklik varsa, orada mütləq kədər də olmalıdırmı?", "hə" deyərdim. Amma indi demirəm. Tək olduğum saysız-hesabsız günlərdə kədəri gözlərimlə axtarmışam, lakin tapmamışam. Həmin günlərdə həm də bilirəm ki, anam bu dünyada olsaydı belə, məni ovuda bilməzdi; necə ki, atam da bu boyda dost-tanışın içində niyə belə tənha olduğumu anlamır.
Oxuyanlar bunu ağır və qapalı xarakterimlə əlaqələndirə bilərlər. Kimi eqoist hesab edər, kimi zəif görər. Bu kimi yanaşmalar məndən uzaqdır. Kim nə istəyir düşünsün; onların düşüncəsi mənim özüm barədə fikrimi dəyişə bilməz ki... Dünya bir yerə yığılıb desə ki, "sən əla şeir yazırsan", buna inanmaram. Çünki şeirin mənə aid olmadığını bilirəm.
Özümü tanımağa illərimi sərf etmişəm; bu, bir-beş illik iş deyil. Özümü detallı şəkildə təhlil edib öyrəndiyim kimi, başqalarını da tanımaqda əziyyət çəkmirəm. Əslində, bu baxımdan tənha adamları elə gözlərindən tanımalıydım, amma tanıya bilmirəm. Çünki, məsələ tənhalığa gəlirsə, iş çətinləşir.
Məsələn, tənhalığım sözbaz qohumların "niyə zəng etmədin?" suallarıyla başlayır. Bu kimi cılız məsələlər məni onlardan uzaqlaşdırır.
Yaxud, yaradıcılığını sevdiyim müasir yazıçının şəxsiyyətinin bir qəpiyə də dəymədiyini bildiyim gün tənhalığım daha da dərinləşir. Bilirəm, belə olmaq lazım deyil, amma artıq onu oxuya bilmirəm. Həmin vaxtdan bir kitab tənhalaşıram, bir əsərlik təklik canıma dolur və bu məni çox üşüdür. Mən qorxuram...
Adamları itirməkdən qorxuram, amma bəlkə də böyüdüyüm üçün tək qalmaqdan qorxmuram, çəkinmirəm.
"Səni çox istəyirəm" dediyim adamların oynadığı rollar, həkimlərin – yəni canımızı əmanət etdiyimiz insanların – yalanları mənim tənhalıq səbəblərim olur. “Onun-bunun üstünə atma, sən elə fitrətən tənha adamsan” deyə bilərsiniz. Əslində nə istəsəniz deyə bilərsiniz…
Məsələn, oğlumun üzümdən-gözümdən bu gün darıxdığımı hiss etməməsi və məni bir ağacın yanına söhbətləşməyə dəvət etməməsi fikri məni daha da tənhalaşdırır və bu duyğu çox uzun sürür.
Bu mənada, klassiklərin nə yaxşı ki, keçən əsrlərdə yaşadıqlarına və müasirim olmadıqlarına sevinirəm.
Bu boyda dünyada, bu boyda dostların arasında içindəki qarışıq fikirləri özündən qat-qat yekə olan bir adamın ovunduğu bir ağac ola bilərmi?
Bəs dualar, bəs azca buludları olan göy üzü?..
Mən inamla “hə” deyirəm. Axı ölçüyəgəlməz tənhalığı etiraf etmək də cəsarət istəyir. Üstəlik əlacsızlıq yoxdur bu söhbətdə. Üç çıxış yolu var, üç məlhəm var və dəfələrlə sınaqdan çıxarılması da realdır. Yoxsa saçından dırnağına kimi tənha olan, ürəyi böyük səhranın ortasında bir damcı su kimi özünü hara sərf edəcəyini bilməyən adam bu illəri necə davam gətirə və necə gülə bilərdi?..
P.S: Bilirəm, deyəcəksiniz ki, təklik ayrıdır, tənhalıq ayrı; bəs niyə mətndə onları eyni mənada işlətmişəm?
Bilirəm, təklik insanın öz iradəsindən asılıdır, tənhalıq isə... o, insanın iradəsindən kənar qəza kimidir. Əslində, təklik insanın özü ilə tək qalmasıdır, tənhalıq isə insanın özündən uzaqlaşması və ya ətrafındakılar tərəfindən ruhən tərk edilməsidir. Heç biri tam olmadığı üçün hər iki sözü işlətmişəm.