SÜLEYMAN ABDULLA - MƏNLİK OLMAYANLAR

Ədəbiyyat 11:10 / 24.06.2026 Baxış sayı: 243

 

 

Bu dünyanın ağdı başı,

Dağda qarı mənlik deyil.

Evdə aşı, yolda daşı,

Bağda barı mənlik deyil.

 

Cənnət varsa, bəs hanı, de,

Qulaq boyda var canı de...

Deyəsisən buğdanı de,

Babam, darı mənlik deyil.

 

Xəlbiri var, ələyi var,

Səxası var, kələyi var.

Şeytanı var, mələyi var,

Dünya varı mənlik deyil.

 

Daha əldə qalmaz yaxan,

Öz nəfsində batıb axan...

Görən görür, baxır baxan,

Yox, yuxarı mənlik deyil.

 

Od ki, bəlli, kül ki, bəlli,

Aslan bəlli, tülkü bəlli...

Ölçü dəqiq, ülgü bəlli,

Gözəyarı, - mənlik deyil!