ZİVƏR AĞAYEVAdan   yazdı  Kəmalə Abiyeva  Aydın qızı   

YAZARLAR 21:33 / 22.06.2026 Baxış sayı: 1795

 

Valideynləri əslən Ağsudandı. Atası dəmiryolçu olduğundan Hacıqabula Muğan stansiyasına  rəis təyin  olunur. Zivər Ağayeva da elə 30 may 1934-cü ildə Hacıqabulun Qarasu kəndində dəmiryolçu ailəsində anadan olur. Orta təhsilini Hacıqabulda  alır.  Orta məktəbdə oxuyarkən ədəbiyyatı, şeiri sevib.  Uşaqlıqdan sakitliyi, təmkini,  xəyalpərvərliyi  ilə seçilib. Öz xatirələrində tez-tez atasının iş yerinə getdiyini söyləyir Zivər xanım. İlk şeirlərini qatarların səsi ilə yazıb...
Həm də gözəl rəsmlər çəkib  xarici görünüşü ilə də diqqət çəkən bu qızcığaz.  Ədəbiyyata sevgisi bir başqa olsa da, həkim olmağı da arzulayıb. Bu arzuyla 8 illik təhsildən sonra 1 nömrəli  Bakı Tibb texnikimuna daxil olub. Texnikumu bitirəndən sonra ailə həyatı qurub. Həyat yoldaşı Yevlax rayonunda işlədiyindən bir müddət orada yaşayıblar. Ailə qayğıları artsa da şeirdən, poeziyadan ayrıla bilməyib.  Həyat dostu xanımının  ədəbiyyata sevgisinə həssaslıqla yanaşır. Ailə Bakıya köçür. Artıq 2 oğul, bir qız anası olan Zivər özünü tibb işçisi kimi görə bilmirdi. Çox vaxt sabahları şeirlə açırdı. “ Filoloq olmaq istəyirdim. Həyat yoldaşım dayağım, dostum oldu. Çox həssaslıqla yanaşırdı arzuma. Bakıya köçdük və mən 1963 –cü ildə ADPU-nun dil-ədəbiyyat fakültəsinə daxil oldum”- o dönəmi belə xatırlayırdı Zivər xanım. Tələbəlik illərində artıq dövrü mətbuatda çap olundu, imzası tanındı.

Təhsilini başa vurandan sonra o illərin ən ünlü, oxunaqlı mətbu orqanlarından olan “Azərbaycan qadını” jurnalında işləməyə başlayır. 1969-1994-cü illərdə jurnalın məktublar və ədəbiyyat şöbəsinə rəhbərlik edib.

 Onun poeziyasında  həyat, ana, övlad sevgisi, təbiətə vurğunluq,yaşadığımız bütün duyğular sadə, aydın, poetik dillə verildiyindən oxucuların rəğbətini qazanıb. Vətən sevgisi, ağrıları da onun şeirlərinə hopub elə bil. 

Türkün qolu bükülməz
Türkün gücü tükənməz
Bir kərə qalxan bayraq
Bir daha yerə yenməz
Azərbaycan əyilməz
Azərbaycan bölünməz
Bir kərə qalxan bayraq
Bir daha yerə yenmə

Zivər xanımın yaradıcılığında uşaqlar üçün yazdığı şeirlər də xüsusi yer tutur. Onun “Sürəyyanın yuxusu”, “Qarğı at”, “Özün seç, özün bəyən” kimi kitabları uşaq ədəbiyyatına layiqli tövhədir.

Küsən kitab

Kitabı anasına

Göstərib dedi Süsən:

– Ana, axı  dərsimi   Oxuya  bilmirəm  mən.

Ana gördü    kitaba  Süsən   şəkillər  çəkib.

Heç  oxunmur   yazılar,    Ev, inək,  təkər  çəkib…

Ana söylədi: – Kitab Səndən  küsüb, barışmır.

Sən  xətrinə  dəymisən, Buna görə   danışmır.

ZivərAğayevanın“İlk baharda gəlmişəm” “Dənizlə görüş”, “Kimlərə qaldı dünya”,”Axar sular geri dönməz” və s. kitablarında toplanan,axıcılığı, səmimiliyi  ilə sevilən şeirlərinə onlarla mahnı bəstələnib.

Hacı Xanməmmədov, Elza İbrahimova,Oqtay Rəcəbov, Rauf Məmmədov, Nailə Mirmmədli, Məmmədbağır Bağırzadə və b. tərəfindən sözlərinə bəstələnən mahnıları  Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Nəzakət Məmmədova, Nisə Qasımova, Flora Kərimova kimi sənətkarlar ifa edib.

Yaraşıqlı Zivər xanımın  özünəməxsus işıqlı təbəssüm olardı gözlərində. Sonra bu təbəssümə kədər qarışdı. “Xoşbəxt idim. Ailəm, yaradıcılığımla xoşbəxt idim. Amma həyat həmişə güldürmür adamı. Həyat yoldaşımı qəzada itirdim. Gözlənilməz ağır itgi idi. Qohum, dost-tanış təsəlli olmağa çalışsa da, 3 uşaqla tək qaldım. Çətinliklə də olsa övladlarımı böyütdüm. Onların sevgisi, şeirlərim mənə güc verdi. Yaşadım. Narazı deyiləm yenə də. Ana kimi, şair kimi, vətəndaş kimi yaşaya bildim.” – Bu da onun sön illərinin xatirəsidi.Bir də “Şeir-söz ürəyimi narahat etməsə yaza bilməzdim”-deyirdi.2015-ci il iyunun 22-də dünyasını dəyişsə də sözü ilə yaddaşlarda qalıb. Sözlərinə yazılan nəğmələr kimi ruhumuza hopub. Və bu nəğmələri eşidəndə pıçıldayırsan: sözlərin naxışısan, necə unudaq səni?
Sənətkarımız Flora xanım deyir ki, elə şəxsiyyətlər var ki, yadımıza düşməməlidi, sadəcə onları unutmağa ixtiyarımız yoxdu Zivər xanım Ağayeva kimi.
Tərsə gördüm, nə gördümsə dünyada,
İnansam da mən yaxına, mən yada.
Zivər, səni salmasa da el yada,
Tarix özü yaddaşında yaşadar.

-deyən Unudulmayan Zivər xanım ruhun şad olsun.