Ağlayan göy üzü var - Ağaevli Əli Hacı

Ədəbiyyat 09:00 / 23.06.2026 Baxış sayı: 421

Ağlayan göy üzü var,

Göz yaşın saxlayan yer !

Tanrının əli səndə,

Göz yaşlarına əl ver !

 

Üstünü ört soyuğun,

İstin olsun yavanlığı !

Dili ol qaranlığın ,

Çıxıb getməyə yol ver !

 

Ah çək,yel ovutmağa

Qəm çək,el ovutmağa !

Arx çək,sel ovutmağa

Qələm əlinə bel ver !

 

Güzgüyə yaz üzünü ,

Cır o,kağız üzünü !

De,bir ağız sözünü

Sözə dilindən bal ver !

 

Göy olub, yerə qaçdım,

Yüz məndən birə qaçdım !

Tanrım ! Bir bazar açdım,

Bu bazarda söz al,ver…!