Vaqif   Yusifli  -ƏLİSƏFA AZAYEV - 75

YAZARLAR 13:20 / 23.11.2026 Baxış sayı: 400

 

 

Azərbaycanda ən məhsuldar yazar kimdir? Bu gün əli qələmli olanların bir çoxu yazmaqdan və yazdıqlarını kitab halında nəşr etdirməkdən yorulmurlar. Və heç kimə qadağan etmək olmaz ki, daha bəsdir - həvəsdir, siz oxucuları da nəzərə alın. Amma yaradıcılıq elə bir mənəvi ehtirasdır ki, bu sahədə istedadı olan da, olmayan da o sehrin, o tilsimin cazibəsindən qurtula bilmir. Təbii ki, yazıçılığı vərdişə, pis mənada peşəyə çevirmək olmaz. Dahi Füzuli məşhur «Söz» qəzəlində yazırdı ki:

Gər çox istərsən, Füzuli, izzətin, az et sözü

Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.

(Füzuli bu beytdə ədəbi uzunçuluğun əleyhinə çxır, deyir ki, əgər izzətinin, xətir-hörmətinin çox olmağını istəyirsənsə, sözü az et, çünki olduğundan çox əzizi xar eləyib)

Amma belə bir həqiqət də var - məsələ az və ya çox yazmaqda deyil, əsas odur ki, kiçik bir hekayəndə də, böyük romanında da insanları düşündürən problemlərdən söz açasan, əsərlərində dolğun insan xarakterləri yaradasan, oxucu ilə elə ünsiyyət qurasan ki, o, səni anlasın, dərk eləsin və yazdığın əsərlər də hamının ürəyindən xəbər versin. Dünya ədəbiyyatında belə korifey sənətkarlar o qədər də çox deyil: Balzak, Tolstoy, Dostayevski... Azərbaycan ədəbiyyatında Süleyman Rəhimov.

Müasir ədəbiyyatımızda hal-hazırda Əlisəfa Azayevi məhsuldar bir yazıçı-publisist kimi sizə təqdim etmək istərdim. Sovet dönəminə məxsus olan «məhsuldar» sözünə də ironiya ilə yanaşmayın. Əgər bir yazıçı əlli il ərzində əlliyə yaxın kitab nəşr etdiribsə, o sözü yaxşı mənada qəbul edin. Və ən əsası odur ki, Əlisəfa Azayev ilk hekayəsindən tutmuş qələmə aldığı ən iri həcmli əsərlərinə qədər cəmiyyəti, xalqı düşündürən məsələlərdən söz açıb. O, ixtisasına görə əvvəlcə bir orta məktəb müəllimi kimi fəaliyyətə başlayıb, bir müddət Kürdəmir icraiyyə komitəsində şöbə müdiri kimi çalışıb, sonra hüquqşünaslıq fakültəsini təhsil alıb və uzun müddət Siyəzən Rayon Dövlət Notariat Kantorunun dövlət notariusu vəzifəsində çalışıb. Ədliyyə müşaviridir.Amma burada söhbət yazıçı Əlisəfa Azayevdən gedir.

Onun bədii ədəbiyyata meyli, həvəsi lap gənclik yaşlarından başlayıb. Bunu izah eləmək mənim üçün o qədər də asan deyil, niyə onun ürəyində sözə belə şiddəili həvəs yaranıb, həyatda hansı bir sehrli qüvvə onun daxili aləmində fırına, təlatüm yaradıb? Təbii ki, əksər yazarın (şairin, nasirin) ədəbiyyata gəlişi müəyyən bir şəxsin hamiliyi və qayğısı ilə reallaşır. Əlisəfa Azayevin həyatında belə bir insan görkəmli yazıçı, bir sıra nəsr əsərləri ilə Azərbaycan ədəbiyyatında iz buraxan Əlfi Qasımov olub.

Əlfi Qasımovu mən yaxşı tanıyırdım. O, ədəbiyyata publisist kimi gəldi… Böyük Vətən müharibəsi qəhrəmanlarından söz açan oçerkləri ilə diqqəti cəlb etdi. Amma 1964-cü ildə çap etdirdiyi «Adilənin taleyi» romanı bütün Azərbaycan oxucularının stolüstü kitabına çevrildi. Bu, jurnalistlərin həyatından, onların sevgisindən, mənəvi dünyasından söz açan ilk nəsr əsəri idi. Sonralar Əlfi müəllimin «Ulduz karvanı», «Məni qınamayın», «Qızburunda tək məzar», «Qağayı fəryadı», «İnsan qaranquş deyil», «Toy gecəsi» kitabları çap olundu. Bu kitablarda toplanan povestlərdə, hekayələrdə mənəvi-əxlaqi problemlər əks olunub. Əlfi müəllim 80-ci illərdə mənə bir böyük əlyazma göndərdi, Azərbaycanın seçmə hekayələrindən ibarət bu əlyazmaya (sonralar «Azərbaycan hekayəsi» kimi nəşr olundu) mən geniş bir ön söz yazdım.

Əlfi Qasımov da öz böyük ustadları – Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, Mehdi Hüseyn kimi ədəbi gəncliyin dostu idi. O, istedadlı cavanlara qayğı göstərir, onların ilk kitablarının çapına köməyini əsirgəmirdi. Bu baxımdan Əlfi Qasımovun keçən əsrin yetmişinci illərində gənc Əlisəfaya ürək açıqlığ ilə kömək göstərməsi, onun ilk hekayələrindəki işartıları sezməsi və bu qayğı sözünü qayğının özünə çevirməsi əsl ustad böyüklüyü idi.

Əlisəfa Azayevin Əlfi Qasımovla ilk tanışlığından əlli ildən çox vaxt keçib. Bu il Əlisəfanın «Əlfi Qasımov fenomeni» kitabı işıq üzü gördü və o kitabda Əlfi Qasımovun özünəməxsus insani keyfiyyətləri, yazıçı kimi səciyyəsi, Əlisəfa Azayevlə ilkin tanışlığının dostluğa çevrilməsi öz əksini tapıb. Kitabın ön sözündə görkəmli tənqidçi-ədəbiyyatşünas, mənim də BDU-da müəllimi olmuş Əkbər Ağayevin bu sözləri necə də yerinə düşür: «Azərbaycan dilində belə bir ifadə var: «Filankəs adamdır!» Çoxları Əlfi haqqında söz dışəndə deyərdilər: O aləmdir!». Həqiqətən belədir». Əlisəfanın kitabında da Əlfi Qasımov obrazı belə bir miqyasda canlandırılır. Əlisəfa ilə Əlfi Qasımovun müntəzəm məktublaşmaları da kitaba daxil edilmişdir və o məktublarda Əlfi müəllimin necə qayğıkeş insan olduğu, öz gənc dostunun yazılarına həm kömək göstərməsi, həm də tənqidi qeydlərini də onun nəzərinə çatdırması maraqlı faktlardır.

Əlfi Qasımov hələ ədəbiyyat aləmində heç ilk addımlarını atmamış bir titrək qələm sahibinin hekayələrini oxumuş, 1974-cü ildə , düz 52 il bundan öncə «Azərbaycan gəncləri» qəzetində ona «Uğurlu yol» yazmışdı. «Xatirə» adlı ihekayəsi də elə həmin nömrədə dərc edilmişdi. Əlbəttə, hər bir gənc yazar üçün ilk bədii yazısının dərc olunmağı onun tərcümeyi-halında ən qiymətli bir səhifədir. Bütün sonrakı uğurlar elə həmin səhifədən başlayır.Mən də «Xatirə» hekayəsini oxudum, azərbaycanlı Əhmədlə rus qızı Anna Sergeyevnanın səmimi dostluğu qızın ona sevgisiylə tamamlansa da, Əhməd öz vətəninə qayıdır, çünki nişanlısı onu gözləyir.Əhməd milli-mənəvi dəyərlərə sadiq qalır. Qız isə, yaşı keçsə də, onu unutmur. Əlisəfanın bu hekayəsi və çox keçməmiş digər hekayələrinin də mətbuatda dərc olunması tanınmış söz adamlarının da diqqətini çəkir. Görkəmli tənqidçi Qulu Xəlilov da onun hekayələri barədə öz fikrini bildirir və yazır ki, bu cavan oğlanın yazılarını tez-tez çap etmək lazımdır.

Əlisəfa Azayevin bu illər ərzində, öncə qeyd etdiyim kimi 50-ə yaxın müxtəlif adda kitabları çap olunub. Bu kitabların böyük bir qismi hekayələr, povestlər və romanları əhatə edir, müəyyən qismi isə publisistik əsərlərdir.Təbii ki, bu yazıda Əlisəfa Azayevin yazılarını tam əhatə edəb fikir və mülahizələrimi genişliyilə bildirməyə imkan yoxdur.Görünən kəndə nə bələdçilik,-deyirəm. Amma Əlisəfanın «Əlfi Qasımov fenomeni», «Məhkəmə hekayətləri», Milli qəhrəmanımız Polad Həşimova həsr etdiyi «General qətiyyəti», publisistik yazılarını özündə əks etdirən «Göy qurşağı» kitabları haqqında qısaca söz açmaq istəyirəm.

Öncə adını çəkdiyim «Əlfi Qasımov fenomeni» kitabı bütünlüklə Əlfi Qasımova həsr olunmayıb, düzdür, kitab Əlfi Qasımovun obrazı işığında qələmə alınıb, onun insani keyfiyyətləri bir neçə fəsildə canlandırılıb, amma Əlisəfa Azayevin yazıları da, həmçinin onun yaradıcılığı ilə bağlı müəyyən yazılar da təqdim olunur. Bu mənada siz bu kitabda qısaca da olsa Əlisəfa Azayevin əlli illik yaradıcılığı ilə qısaca da olsa, tanış ola bilərsiniz. Qulu Xəlilovun Əlisəfanın yazıları barədə fikirləri çox maraqlıdır və mən də onun fikirlərinə şərik olub deyirəm ki, Əlisəfa Azayev həqiqəti, cəmiyyətdə, real həyatda baş verən hadisələri, xüsusilə, insanlar arasındakı qarşılıqlı münasibətləri reallıqla əks etdirir, onun qəhrəmanları əksər hallarda adi insanlardır, amma bu adi insanların zəngin mənəvi aləmini açmaq, onların insanlığa layiq əməllərini canlandırmaq onun nəsr əsərlərində aparıcıdır. O, nəsr əsərlərində həyatı, insanları «boyamır», çalışır ki, hər bir obrazı yaradarkən onun mənəvi dünyasında baş verən prosesi göstərə bilsin. Qeyd edim ki, Əlisəfa Azayev kənd həyatını çox yaxşı bilir, orada yaşayan insanların psixologiyasını, ailə-məişət xüsusiyyətlərini diqqətlə öyrənib.

Əlisəfa Azayevin «Məhkəmə hekayətləri» təsadüfən yaranmayıb. O, hüquqşünasdır. Həmin kitaba yazdığı ön sözə dahi Füzulidən bir misra sitat gətirir: «Hakim odur ki, onun olmaya felində riya».Məhz «Məhkəmə hekayələri» hüquqşünaslar aləmində yaxşıları yaxşı, felində riya, zatında tamah olanları bizə tanıdır. Və onu qeyd edim ki, bu hekayələri təkcə «peşə hekayələri» hesab etmirəm, həm də insan xarakterlərini açan yazılar hesab edirəm. Əlisəfa Azayevin «Gecəyarı sui-qəsd», «Sirli qətl», «Gözlənilməz hadisə», «Amansız qatil», «Prokuror qızı», «Sahildə qətl», «Qanlı gündəlik», «Günahsız məhbus», «Gizli əməliyyat», «Bayıl məhbusu», «Casusun ifşası» kitabları da nəsrimizdə hüquq işçilərinin həyatını, onların qorxulu gizlinləri açmasındakı fədakarlıqları əks olunub.

Mən onun bədii publisistikasından qısaca söz açmaq istəyirəm. Doğrusunu deyim ki, onun publisistikası ilə nəsri arasında bir vəhdət duyuram. Onun nəsrində publisistik ahəng, publisistikasında da bədii nəsrə məxsus keyfiyyətlər nəzərə çarpır. Məsələn, onun «Alay komandiri», «Göy qurşağı», «General qətiyyəti» əsərlərində bu vəhdət bariz şəkildə hiss olunur. Milli qəhrəmanımız, cəsur general Polad Həşimov haqqında ilk sənədli romanı da səhv etmirəmsə, məhz Əlisəfa qələmə alıb. Bu romanı oxudum və general Polad Həşimovun həyat və döyüş yolunu izlədim, elə bir roman ki, orada Polad Həşimovun qəhrəmanlığı, Həzi Aslanovun varisi kimi gördüm.

Əlisəfanın «Göy qurşağı» kitabı da onun bir publisist kimi də uğurlarını əks etdirir. O, Kürdəmirdə doğulan, amma təkcə Kürdəmirdə deyil, bütün Azərbaycanda tanınan həmyerlilərindən söz açır, onların hər birinin tale yolunu izləyir. Qeyd edim ki, Əlisəfanın dili, təhkiyə üsulu anlaşıqlıdır.

Əlisəfa Azayev çox yazır və yazmaqdan da yorulmur. Təbii ki, bu yazıların içində hamısı eyni səviyyədə deyil. «Orta temperatur» göstəricisi olan yazılar da var. Bu da təbiidir. Amma bütün yazılarda o, səmimidir. Bu səmimiyyəti həmişə qorusun, saxlasın bizim 75 yaşlı həmkarımız....