Kəmalə Abiyeva  Aydın  qızı - BU DÜNYANI NAĞIL BİLƏK

Ədəbiyyat 19:00 / 22.11.2026 Baxış sayı: 74

 

Musiqisi Aygün Səmədzadənindir

 

Dindi yenə xatirələr,

döndüm yenə o günlərə.

Istədim ki, əvvəlki tək

tutum sənin əllərindən.

Gözümüzdə, könlümüzdə

neçə arzu, neçə istək

xumarlanaq xoşbəxtlikdən,

bu dünyanı nağıl bilək…

Dindi yenə xatirələr…

Döndüm yenə o günlərə…

İstədim ki, hara getsəm

yenə məni izləyəsən.

O ağacın kölgəsində,

o küçənin döngəsində

yenə məni gözləyəsən.

Həmin küçə, həmin şəhər,

döndüm yenə o günlərə.

İstədim ki, geri dönəm,

Qaynar gözlərini görəm,

baxışlarından titrəyəm.

İstədim ki, bu yollarda

yenə mənə rast gələsən,

guya elə sən də burdan

keçirmişsən təsadüfən.

Sən… Mən… Bir də xatirələr…

Həmin küçə, həmin şəhər.

Bilirəm ki, hara getsəm,

yenə məni izləyirsən.

O ağacın kölgəsində,

O küçənin döngəsində

yenə məni gözləyirsən.

Bilirsən ki, gələcəyəm,

Bu dünyanı yenə nağıl biləcəyik.