Məmməd  Qədir  -  Salamdan

Ədəbiyyat 10:58 / 23.11.2026 Baxış sayı: 242

 

Salamda Allahın adı var, versən,

Gör necə nur gəlir gülə salamdan!

Dua tək oxunar dodaqlarında,

Əriyər buz kimi çilə salamdan!

 

Əlinə Tanrının əli verilər,

Yoluna uğurlar, xeyir sərilər,

Azarlı sağalar, ölü dirilər,

Ruhuna bir damla çilə salamdan!

 

Salam ver, salam al, nazlı bənövşəm,

Allahın adından nurlansın köşən,

Bu boyda ömrümdə eşitməmişəm,

Kiməsə bir ziyan gələ salamdan!

 

Demə ki saymadım, görən yox, təkəm,

Sonra ha yuyarsan, silinməz ləkən,

Ucalar Tanrının adını çəkən,

Alçalan olmayıb hələ salamdan!

 

"Salam, gözüm nuru" deyirdi sonam,

İndisə qupquru, buz kimi "salam"!

Əlin necə gəlir salamdan sınam,

"Öl" desən yaxşıdı belə salamdan!

Qəlbimə saplayıb sevgimi qırma,

Yanıb kül olmuşu bir də yandırma,

İlahi, salamla cəzalandırma,

Qıyma Məmməd Qədir ölə salamdan!