Arzu Kazımqızı Nehrəmli - DAĞ YÜKLÜ DÜNYA

Ədəbiyyat 21:46 / 22.11.2026 Baxış sayı: 206

 

Bir səs elə səhər-axşam deyir ki,

İçimdəki şaxtadımı, bürkümü...

Çəkdiklərim tək özümün deyil ki,

Mən dünyanın azaldıram yükünü.

 

Bəlkə çəkib apararam yüz addım,

Dağ yükü də olub talan qalmasın.

Öz payıma kömək əli uzatdım,

Dünyaya da borcum-filan qalmasın.

 

Çıxsaq belə göyün yeddi qatına,

Kimdi indi dayandıran dünyanı...

Hərə bir az çiyin versə altına,

Beli sınmaz, bel sındıran dünyanın.

 

Çiynimizdən düşüb yerə dağılıb,

Ya taleyin bir görküdü, deyirik.

Bəlkə bizim yükümüzdü yığılıb,

Ad tapmışıq, dağ yüküdü deyirik.

 

Çıxıb gedər, yazan belə yazıbdı,

Ondan sonra bu dünyanı yüz ara...

Gəl, bölüşək dağ yükünü, yazıqdı,

Bəlkə bizim yükümüz də azala.