Tahir Rzayev, millət  vəkili "  Birliyimiz   dünyaya güc və dostluq mesajı verir."

Gündəm 22:13 / 12.11.2025 Baxış sayı: 3205

Noyabrın 11-də baş verən  hadisə təkcə faciəvi aviasiya qəzası deyil, həm də regional əməkdaşlıq, qarşılıqlı yardım və insanı həmrəyliyin aktuallığını bir daha ön plana çıxardı. Azərbaycan tərəfindən göstərilən dərhal reaksiya və dəstək bölgədə sabitliyin, dostluğun və humanitar dəyərlərin qorunmasına yönəlmiş ardıcıl siyasətin bariz nümunəsi kimi dəyərləndirilə bilər.

Təyyarə qəzası ilə bağlı tərəflər arasında davam edən koordinasiya barədə  danışan  millət  vəkili  Tahir Rzayev bildirdi ki, :  "Gürcüstan və Azərbaycan sərhədində Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması hər birimizi dərindən kədərləndirir. Bu ağır hadisədə həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir, onların yanında olduğumuzu bildiririk. Azərbaycan Prezidenti və müvafiq orqanlar bu kədərli hadisə ilə bağlı həmrəyliklərini ifadə etmiş, hadisələrin təkrarlanmaması üçün lazım olan dəstək və köməyi göstərməyə hazır olduqlarını bəyan etmişlər. Azərbaycan və Türkiyə qardaş, dost və can-bədən birliyi ilə bağlıdır. Bu faciə yalnız bir qardaşlıq borcu deyil, həm də iki xalqın birlikdə kədərini bölüşməsinin təzahürüdür. Tarix boyu Azərbaycan və Türkiyə xalqı xoş günlərdə olduğu kimi, kədərli və çətin anlarda da bir yerdə olub, bir-birini dəstəkləmişdir".

O, bildirib ki, xüsusilə hərbi dövr və təbii fəlakət zamanı, eləcə də digər mühüm hadisələrdə iki qardaş dövlətin bir-birinin yanında olması hər zaman qürurvericidir: "Bu birlik problemlərin həllinə dəstək olmaqla yanaşı, dünyaya güc və dostluq mesajı verir. Son zamanlarda Azərbaycanda keçirilən möhtəşəm parad zamanı Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın çıxışı, eyni zamanda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin sözləri iki xalqın dostluğuna və qardaşlığına verdiyi önəmi bir daha nümayiş etdirdi. Təəssüf ki, bu, böyük bir qəza idi və müvafiq orqanlar tərəfindən səbəbləri araşdırılacaq. Biz isə ürəkdən kədərlənir, itkin düşən pilotların və ekipaj üzvlərinin ailələrinə baş sağlığı diləyirik. Allah qardaş Türkiyəni və bizi bütün bəlalardan qorusun".

https://crossmedia.az/az/article/54222