SÜLEYMAN ABDULLA. - MİNİMALİST ŞEİRLƏR
Ümidlərin düşüb qaldığı
uçurumdur gözlərimin dibi-
Bir ömür bəs etmədi dolmağa.
Su şırıltısı gəlir mamırlamış boşluqlardan...
Sızıntıları olur arada çuxurundan kənara,
Amma qorxuram deməyə də
məhv olmuş arzuların qəbristanlığıdır vətən.
****
Mən qəribçiliyi yaşadım
saralmış gözlərimin kökünə kimi.
Vaxt keçdi, vədə ötdü
daha qocalığın astanasındadır ömrüm.
Adam var ürəyindən qocalır,
adam var əllərindən,
adam da var səsindən...
Mən gözlərimdən qocalıram, dost.
Baxışlarım əldən düşüb
hədəqəsinin kənarındakı qırışlarda.
Ha qıyılır bir az uzağı anşırmağa,
amma nə uzaq, nə yaxın...
Əsir sozalan lampa kimi zamanın sazağında...
***
Uzaqlar uzaq deyil daha,
yaxınlar da yaxın...
Nə vaxtdır qarasına unamağa çalışıram
axşam alatoranındakı kölgələri...
Səs qədər doğma və simsar
heç nə yoxdur ömrün qürubunda...
Artıq ölümü məşq edirəm
hər gün və yavaş-yavaş...
***
Küçədə külək əsir,-
duyuram uğultusundan...
Bir az toz-torpaq qarışıb,
bir az qovaq xəzəli,
bir az da tumsatan qarının zəmanədən gileyi.
Mən küləyi səsindən tanıyıram,
küçəni tozundan,
ağacı xəzəlindən,
adamı gileyindən...
Başdan-başa inilti dolu bir həyat!
***
Başım boş-boş şeylərə necə qarışıbsa
unutmuşam gecənin keçdiyini...
Yatmadığım yuxudan ayılanda
gördüm ki, ağarışır boz buludlu üfüq.
Düşünürəm, nə yaxşı ki,
axşam düşür, gecə keçir, sabah açılır.
Və nə yaxşı ki, başımız qarışır nələrəsə.
Yoxsa çətin olardı
bir ömrü boş-boşuna yaşamaq.
14.01.2026