Şirxan  Aranlı -   Ana   ölümünə  inanmıram...

YAZARLAR 21:27 / 16.03.2026 Baxış sayı: 268

Bəzən belə söz-söhbətə rast gəlirik: Filankəsin ata-anası neçə ildir rəhmətə gedib, adları da yadından çıxıb. Yaxud televiziya ekranlarından küçəyə, qocalar evinə atılan ahıl ata-anaları görürük. Dəhşətə gəlirik. Ata-ana da unudularmı, yaxud atılarmı?! Buna nə dinimiz, nə qanunumuz, ən başlıcası isə nə də övladlıq borcumuz yol verər. Atanı xatırlayıb yada salırsan, ana isə daim qəlbindədi, yaddaşımızdadı bu nə möcüzədir bilmirəm.Ana həmişə müqəddəs bilinib.Əbədiyaşar mərhum gözəl şairimiz Ənvər Əhmədin anasız,analı dünyası bu baxımdan ən yaxşı örnəkdir. Qüdrətli şair ananın ölümünə iyirmidən çox şeir yazsa da, özünü anasızlığa ovuda bilmir.

Qəbristan analı,

Mənsə anasız,-deyir

Ananın nəinki özünü, hətta onun cığırını da müqəddəs bilir:

Götürün yolları üfüqdən asın,

Bir ana izi də tapdalanmasın.

Hərdən qəbristanlığa gedirəm. Ata-ananın, əzizlərin görüşünə insanlar təzə dəfn olunanların,təmtəraqlı qəbrlərin ətrafına toplaşır.Ayaq altda qalan,sozalan ölmüş qəbrlərin özü kimi orda yatanların ruhuda əzizlərinin,övladlarının qəlbindən silinib.Ancaq dərk etmirlər ki,burada:

Ana torpağa qarışıb,

Boz torpaqda analaşıb.

Belə görünür ki,demək ata-ana öləndən sonra övlad qəlbində onların istəyinin zaman həddi var: beş il,on il,on beş il… Necə olur ki bəzi oxumuşlarımız min,min beş yüz il zamanlı tarixdən Nizamini,Məhsətini,Fizulini,Sara Xatunu, mövhumatçılarımız isə min beş yüz illik tarixdən Kərbəla şəhidlərini öyrənirlər,yad edirlər, dünyasını dəyişən öz valideyinlərini belə tez unudurlar,sağlığında olduğu kimi,öləndən sonrada onların dəyər qiymətini bilmirlər.Hansı ki hər bir kəsin valideyni onun üçün Nizamidi,Fizulidi,Məshətidi,Sara Xatundu,yaxud övlad yolunda özün fəda edən şəhiddir.Bu günki sosial çətinliklər dövründə bir çox ata,analar övladlarını necə əzabla,maddi,mənəvi sıxıntılarla böyüdürlər.Gələcəkdə övladlar belə əzabkeş valideynləri necə unuda bilər?!

Nə isə insanı düşündürən,qayğılandıran suallar çoxdur.

Əziz oxucu! Sizə təqdim etdiyim bu şeir mərhum anamın ölümündən otuz il sonra altmış iki yaşında yazdığım “Ana həsrətli xatirələr”poemamın proloqudur. Analı duyğularım mənə o qədər doğma,təzədir ki,sanki o hadisə otuz il əvvəl deyil,dünən olub.

Ana müqəddəsdir,ana əzizdir,

Ana ömrümüzdə silinməz izdir.

Hara baxsam təkcə sənsən gözümdə,

Mənki yoxam, elə sənsən özüm də.

Ürəyimdə qalmayıbdı dözüm də,

Deyirəm kaş yatmış anam oyana, -

Yoxluğuna inanmıram, ay ana!

Qış gecəsi qar yağanda eşik də,

Uşaq kimi çırpınardın beşikdə,

Gecələri sübhə kimi keşikdə,

Deyərdin tək övladlarım dayana,

Yoxluğuna inanmıram, ay ana!

Zalım fələk, bizi dərdə salan sən,

Xoş günü də, həmdəmidə alan sən,

Övladları gözü yaşlı salan sən,

Mən nə deyim bacı-qardaş ovuna,

Yoxluğuna inanmıram ay ana!

Necə dözək həsrətinə, oduna,

Çatan yoxdur övladların dadına,

Qurban olaq beş oğullu adına,

Qoydun bizi dərd, kədərlə yan-yana

Yoxluğuna inanmıram, ay ana!

Otuz ilin həsrəti var sinəmdə,

Yaza bilmir yoxluğunu qələmdə,

Ana dərdi, ağrısı var bu qəmdə, —

Çevrilərdin hey o yana, bu yana,

Yoxluğuna inanmıram, ay ana!

Kim deyir ki, ana ömrü bitəndi,

İllər keçər, yaddan ötər, itəndi,

Yalan sözdü, ana bizlə bir təndi.

Bu yaşda da darıxıram laylana,

Yoxluğuna inanmıram, ay ana,

Yoxluğuna inanmıram, ay ana