Ayaz Arabaçı - Yazda günə, qışda qara baş əydim
Yazda günə, qışda qara baş əydim,
Tapdı məni hansı yara, baş əydim,
Tale verən hər qərara baş əydim,
Hər qərarı bir hökmü-zər eylədim.
Xatirəmi sağda-solda buraxdım,
Güc qalmadı heç bir qolda, buraxdım,
Kimi sevdim yarıyolda buraxdım,
Kimi sevdim mənə bənzər elədim..
Yel apardı əkdiyimi biçində,
Dərd görmədim, bu rütbədə, bu çində,
Kürkü yırtıq bir ömürün içində,
Bu dünyadan min yol həzər eylədim.
Qarışıbdı, yasdı-toydu, sinəmdə,
O ad hələ bir qaboydu,sinəmdə,
Son gedişi bir dağ qoydu sinəmdə,
Göz yaşımı bəhri-xəzər eylədim.
Bu mənmişəm, ömrü-günü sis adam,
Üstü-başı qara gündən his adam,
Çox da elə deyilmişəm pis adam,
Səhvlərimi sərfi-nəzər eylədim.