Sevinc Qərib : - O DAXMADA O QIZ İLƏ...

Ədəbiyyat 16:40 / 07.11.2024 Baxış sayı: 1739

 

İntihara sürüklənən gecənin

saçlarında haray çəkir ağrılar,

dizlərində mürgü vurur son

yaşamaq arzusu,

bulud yüklü kipriklərə

acı verir yuxusuzluq yanğısı.

Əllərinə damcılayan nalədə

bir "bəlkə" işartısı,

bir inam közərtisi...

Alışıb yanır ümidlər

soyuq divarda üşüyən

tənha kölgənin özünü

qucaqlamış qollarında...

Qəddi əyilmiş tavanın

öləziyən tək gözü də

işıq ömrünü bağışlayır

daxmanın tənhalıq ruhuna,

bir ömür də belə bitir

ölümlərin sağlığına...

Hanı səhərin dan üzü,

harda yubanır günəş

niyə soyunmur şəhər

qaranlıq libasını?

Yanmış ümidlərin qoxusu

qarışır son vida ətrinə,

bir udumluq nəfəs kimi

dolur otaqdakı havasızlığın

ciyərlərinə...

Kim duyacaq özünə sığınmış

dalğın ömrün yaşadıqlarını,

kim biləcək səssizcə uçan

körpə ruhun özüylə

apardıqlarını?

O daxmada o qız ilə

can verəcək Tanrı bilən

doğrular...