Rafiq ODAY : - QARAVƏLLİ

Ömür bir az
ağlamaqdı,
Bir az da
nəyə ağladığına ağlamaqdı.
Ömür həm də
əyninə
usta əliylə biçilmiş
qara paltarda
Naşı əliylə vurulmuş
ağ yamaqdı.
Bu ömürdü, atam-qardaşım,
Bəzən qara yuyub,
ağ sərmək,
Bəzən də qara sərib,
ağ yumaqdı...
Ömür bir az
gülməkdi,
Bir az da
nəyə güldüyünə gülməkdi, -
Nooldu, yavrum,
kimsə küllüyünə
gülmü əkdi?!
Bu ömürdü,
atam-qardaşım,
Bəzən ağlaya-ağlaya
ölməkdi,
Bəzən ölə-ölə gülməkdi...
Bu ömürdü, yavrum,
Kiminin hesabı
qara libası boyda,
Kiminin hesabı
qara libasda
ağ yamaq boyda...
...Sənin də deyəsən
işin-gücün
qurtarıb axı, dərviş Oday,
Mən nə hayda,
sən nə hayda?!
Ağ bəlli,
qara bəlli, -
Ta bunun harası oldu
qaravəlli?!
15.07.2025