Şakir Xanhüseyn - DAŞLAR, DAŞLAR

Ədəbiyyat 15:25 / 14.01.2026 Baxış sayı: 1611

 

daşlar, divara qoyduğumuz daşlar,

sanki yumşalsın deyə

əlimizi çəkdiyimiz,

hərdən sığındığımız,

sarıldığımız daşlar...

bəzən də yaramızı

bu daşlarla sarıya bilsəydik diləyiylə

artıb həsrətimiz,

eh, biz...

daşlar, yerindən qopdumu

uçuruma yuvarlanan daşlar...

öz düşdüyü yerdə

dağdan ağır gələn bir qırıqca daşım-

bəlalı başım...

bir dərə dibində sancılıb torpağa

elə bil günü-gündən böyüyən daşlar,

çopurunuzca varmı

üzümdəki, alnımdakı qırışlar?

ana duası olub:

görüm ayağına daş dəyməsin,

amma mən necə arzulayıram

o daşları kı,

dağlarımızın daşları

qoy qanatsın əlimi, ayağımı,

ürəyim yara almaz..