Sabir Zəkullaoğlu : - Xəcalət təri...

YAZARLAR 09:07 / 05.06.2023 Baxış sayı: 1599

Məktəb vaxtı idi, 9 ya 10 cu snifdə oxuyurdum. Tarix dərsi idi. Tarix müəllimimiz Famil müəllim idi. Allah can sağlığı versin, bu geniş auditoriyadan salamlarımı çatdıriram.

Həmişə dərsə hazırlıqlı gələrdim, bütün dərslərə. Atestatımda iki 4 var, qalan hamısı 5 dir.

4-ün biri riyaziyyatdandır, ona görə də ticarət işlərim yaxşı getmir, biri də rus dilindəndir.

Əslində, rus dilini sevirdim, dövrün adamı idim, arzularım böyük idi. 

Rusiyaya getmək, burda aldığım ali təhsilimi Rusiyada davam etdirmək, rus xanımlarıyla öz dillərində danışmaq, zamanin dilini tutmaq kimi bir iddialarim var idi.

Ancaq aşağı siniflərdə bizə rus dilini tədris etməmişdilər.

Keçək tarix otağına.

Həmişə dərslərinə hazırlıqlı gəlməyimə baxmayaraq, həmin gün dərsimi öyrənməmişdim.

Famil müəllim otağa girən kimi, dedi Sabir çıx dərsi danış.

Təbii ki, dərsi bilmirdim, ancaq, məlumatlı şagird idim, dərslərin ardıcıllığını bilirdim, ordan burdan danışmağa başladım.

Ancaq o deyildi.

İçimdəki vicdanımın səsi mənim səsimi batırırdı.

Məni tər basdı.

Utandığımdan.

Artıq nə edecəyimi bilmirdim, Famil müəllim də məni bir az da sıxmağa başladı, hava da çox isti idi.

May ayı idi.

Üz-gözümdən axan tər çənəmdən yerə damcılayırdı.

O qədər ki, döşəmədə axıb gedirdi, inanın ki, məndən gedən tər damcıları axın əmələ gətirmişdi.

Bütün sinif mənə baxırdı.

Mat'məətəl qalmışdılar ki, bu niyə bu günə qaldı.

Artıq dözmürdüm, müəllimdən eşiyə çıxmaq üçün icazə istədim.

Famil müəllim icazəni gecikdirirdi, vermirdi.

Eynən dostum Famil Cəfərlinin necə ki, qələminə Mirələmov tuş gəlib, onun kimi buraxmırdı.

Artıq icazəsiz də olsa otaqdan çıxmaq istəyirdim.

Famil müəllim bunu hiss elədi və mənə eşiyə çıxmağa icazə verdi.

Bu xəcalət təri idi.

Çünki, mən dərsimi öyrənməmişdim.