Ramiz Qusarçaylı - Təbrizin küçələri dolanbadolan
Gəzirəm Təbrizin küçələrini,
Gəzirəm qolbaqol,
dolanbadolan.
Çəkirəm gözümə gecələrini
Təbriz pıçıldayır,-
xoş gəlib balam...
Çıxıb Aynalıya çiçək dərməyə,
Şeir bağlayıram gül tağlarından.
Yanır duz içində susuz Urmiya
Öpürəm qurumuş dodaqlarından.
Ötüb Araz boyu ayrılıqları,
Həsrətin gözünə ağ çəkirəm mən.
Çırpıb üzümdəki yad qınaqları
Tənəyə, hikkəyə dağ çəkirəm mən.
Mən səcdə qılıram burda hər şeyə,
Öpüb hər daşını təzələnirəm.
Vurub Şah gölündə badə badəyə
Şallaqla, məhmizlə məzələnirəm.
Dolaşıb Səhənddən Səlmasa kimi,
Vətənin dadını çıxarıram mən.
Qubanın Ay üzlü alması kimi
Sevincdən qızarıb ağarıram mən.
Kim atır o daşı o yan, bu yandan,
Hələ də dəmdədir səbr qazanı.
Düşmən ocağına od daşıyandan
Doğmadır qardaşın qəbir qazanı...
Gəzirəm Təbrizin küçələrini,
Gəzirəm qolbaqol,
dalanbadalan.
Çəkirəm gözümə gecələrini
Təbriz pıçıldayır,-
xoş gəlib balam...