Rafail Inceyurd Ismayilov -  Təlqin

Ədəbiyyat 09:00 / 15.01.2026 Baxış sayı: 1282

 

 

Kim nə deyir-desin:

təki axırı yaxşı olsun,

Hər nə olur-olsun:

təki axarı yaxşı olsun,

düzdümü?

Havalar soyuduqca,

“qar yağsın, kəskin şaxta düşsün,

virusları məhv etsin”- deyə

özümüzü hazırlaya biliriksə,

özümüzü inandıra biliriksə,

Yanvarın, fevralın

apreli, mayı varsa,

dalınca yayı varsa,

lalə mövsümü,

dəniz mövsümü,

yaylaq köçü gələcəksə,

həyat eşqi

yenidən üzümüzə güləcəksə,

hər şey yaxşı olacaq,

düzdümü?

Qırılan qırılacaq,

qurulan qurulacaq,

boğulan boğulacaq,

doğulan doğulacaq,

düzdümü?

...Neçə ki, həyat var, yol var:

enişi-yoxuşu da olacaq,

Neçə ki, həyat var, can var:

ağrıların çeşidi,

dərdlərin naxışı da olacaq,

düzdümü?

Bir sözlə: həyat gözəldi,

düzdümü?

15.01.26