Qəşəm İsabəyli : - QOÇU ŞƏHƏRƏ ÇIXIR...

(hekayə)
Tələbə yoldaşımız Nizami ki, Tovuzdan Bakıya gəlir, bir-iki günün içində itən-batan dost-tanışlarımızı tapıb yığır ətrafımıza. Bu dəfə bir az da uzağa getdi – zəng eləyib qədim paytaxtımız Şamaxıya, tələbəlik illərində otaq yoldaşımız olan Telmanı görüşə çağırdı. Telman da eləmədi tənbəllik, elə səhəri günü daban aldı Bakıya.
–Ay Nizami, şamaxılı balası harda qaldı, görəsən? – Soruşdum.
–Ayə, quşdu bu, uçub gələ?!
–Gənə də sənin informasiyan yanlış olmaz.
–Nəfəsini duyurm, şəhərə girib artıq. Bəs sən özün hardasan?
–Bir azdan maşına minib, gəlirəm.
Qarajdan çıxıb, avtobus dayanacağına yaxınlaşanda fikirləşirdim ki, görəsən 53 il əvvəl ayrıldığımız Telmanı tanıya biləcəyəmmi? Tini burulanda əvvəlcə Nizamini gördüm. Qocalıq da yaman kəmfürsətdi, onu bir tərəfi üstə əyib. Yaxınlaşanda heç yanılıb eləmədim – Telmanı da tanıdım. Tələbəlik illərində arıq-sısqa oğlandan yadigar qalmış yaşlı Telman fizionomiya cəhətcə elə həmin-həminkiydi. Amma rəngi gənclik təravətini itirmiş, sifəti bom-boz olmuşdu. Maşını saxladığım anda, quş kimi atılıb mindi qabaq oturacağa. Öpüşüb görüşüb, tərpəndik.
–Hara gedirik? – Nizami soruşdu.
O dəqiqə maşın başladı fit çalmağa.
–Telman, kəməri bağla, yoxsa polis səni cərimə eləyəcək.
–Niyə məni?!
–Sürücünün yanında oturan kəmər taxmayıbsa, sürücünü yox, onu cərimə eləyirlər, bilmirsən?!
–Kimin nə həddi var məni cərimə eləsin?! Atasını yandıraram!
Ürəyimdə dedim, keçmə də Şirvanlının basıb-bağlamağından!
Gənclik illərində olduğu kimi Telman başını boynunun çataşığından yarı-aşağı, yarı-yana əyib, qoruyucu kəmərin dəmir ucluğunu keçirtdi yerinə.
–Oğlum Bakıda ucamərtəbəli bir tikilinin komendatıdır. – Telman söhbətinə davam elədi, – hər cür vəzifə adamı yaşayır orda. Elə ki, çətinə düşür, götürüb o məmurlardan birinə zəng eləyir. Dövlət yol polisi də az qala tanıyır onu. Biri də cərimə yaza bilmir. Maşallah, həm də imkanlıdı. Oğlu ali məktəbə girdi, bir maşın alıb qoydu altına. Qızı ali məktəbə girdi, onu da maşınla sevindirdi. Ən kiçiyi, gəl ki, oxuyan deyildi. O günü Bakıya gələndə görürəm iki çantayla girdi evə.
–Ay bala, bu nədi?
–Baba, idman zalına getmişdim. Gördüyün bu çantaların birində pal-paltarımdı, o birində isə dərs kitablarım.
–Nəəə?! – Mat qaldım.
–Dərs kitablarım.
–Maşallah! Oxumağa başlamısan, deməli?!
–Niyə də oxumayım, baba?! Atam ali məktəbə girən bacı-qardaşıma maşın alıb, onlardan nəyim əskikdi, niyə mənim maşınım olmasın?!
Baxdım ki, tələbəlik illərində gördüyüm utancaq, çəkingən, hər sözünü ölçüb-biçib ağzından ehtiyatla çıxardan Telmana bənzəmirdi bu. Tərs gətirmiş taleyi ilə əlbəyaxa olub, şir kimi döyüşüb, istədiyini ondan qopardıb almış bir mübariz igid idi sanki.
Yadıma tələbəlik illəri düşdü. Nizamiydi, Nadir idi, Telman idi, təbii ki, bir də mən, şəhərə çıxmışdıq. Kənd uşaqları olduğumuzdan sevgi-məhəbbət oyunlarında həm naşıydıq, həm də əlimiz gətirmirdi. Bircə, onu da sonradan eşitmişdim, rəhmətlik Əlizadə bizdən zirək çıxmışdı. Deyirlər, bir axçi məşuqəsi də varmış, yəni erməni qızı. Bu qadın da yedizdirib-içizdirib, evində saxlayırmış Əlizadəni.
Birdən 3 qız çıxdı qarşımıza. O dəqiqə həyəcandan dilimiz batdı. Amma bəxtə-bəxt deyib, izləməyə başladıq onları. Üç onlar, dörd biz... Belə riyazi təzadı əlüstü hiss eləyən Nizami, 3 qeyri-bərabərdi 4 situasiyasının gərginliyini görüb, arxada gələn Telmana tərəf çevrildi:
–Bizə çox yaxın gəlmə, qızlar elə bilər sən də bizimləsən!
Telman da utancaq oğlan – gülümsəyib, yerişini yavaşıtdı.
Təbii ki, bu bir zarafat idi. Qızlar da bir azdan diqqətimizdən yayınıb, öz oylaqlarına çəkildilər. Biz də suyu süzülə-süzülə qayıtdıq geri...
Telman danışırdı...
–Hara gedirik?! – Nizami soruşdu.
–Ağamahmud gözləyir bizi, onu da götürüb, bir yerdə oturarıq.
–Ağamahmud... əşşi... işlədi də Şamaxıda, – Telman narazılıqla başını yellədi, – Təbiəti mühafizə idarəsində... qorxaqlıq elədi.
–Nə mənada?
–Şamaxıya ac gəlib, ac da qayıtdı. Adamlar onun yan yörəsində basıb yeyirdi, bu isə... deməli deyil, vallah!
–Ağamahmud halal oğlandı! – dedim.
–İndi halala kimdi qiymət verən?!
–Harda işləyirdin, ay Telman?
–Təyinatımı Bakıya vermişdilər. Ruhu şad olsun nənəmin... Allah ölənlərinizə rəhmət eləsin, ata-anamdan çox nənəm idi atam-anam. Baxmayaraq ki, savadsız qadın idi, başına kalağayısını salıb, məktəbə – valideyn iclaslarına gedərdi, müəllimlər elə bilərdi oxumuşdu, savadlıdı. Özünü ağayana aparmağı bacarırdı. Arvad eşidəndə Bakıda qalacağam, dedi, bala, Şamaxıda işlə, gözümüzün qabağında olasan!
Mən də Yol idarəsində işə girdim. Baxırdım, asfalt basanlara... 35 dərəcə havanın, 37 dərəcə özlərinin, 40 dərəcə də asfaltın istisi, nə elədi? 35, 37...
–112! – Nizami əlüstü cavab verdi.
–...döz görüm, necə dözürsən. Amma işləyirdilər ha. Gəl ki, aldıqları da heç nə. Bir gün idarə müdirini əvəz eləməli oldum. Möhür keçdi əlimə. Baş mühəndis idim axı. Həmin ayı 300 alana 450, 500 alana 650 yazdım, hətta mükafat da verdim onlara. Müdir geri qayıdanda, dedi:
–Telman, inqilab eləmək istəyirsən, deyəsən?
–İnqilab nədi?
–Bu səxavətlə hara gedirsən, yoxsa ac qoymaq istəyirsən bizi?!
–Müdir, bu adamlar yazıqdı, it əziyyəti çəkirlər. Mənim sözümə bax, dediyimi elə, arxayın ol, götürdüyünü də götürəcəksən! Fəhlələr də dolanacaq, biz də. O ayı, heç kimdən bir qəpik də istəmədim. Məni görən kimi biri 50, biri 60, biri 30 qoydu cibimə. Özü də gülə-gülə: “Çox sağ ol, Telman müəllim!”...
Mat qalmışdıq. Telman yaman dişli danışırdı. Hiss olunurdu ki, qabağından yeməyib. Nə birinci katib, nə icra başçısı. Hətta Bakıdan gedən nüfuzlu Valeh müəllimlə də özünəməxsus ərkyanalıqla söz güləşdirib.
–Sən nə işləyirsən burda? – Valeh müəllim soruşdu.
–Baş mühəndisəm.
–Bu yollar niyə bu gündədi?
–Hansı gündə?
–Bərbad!
Baş barmağımla şəhadət barmağımı cütləyib, sürtdüm bir-birinə. Ürəyimdə dedim, birdən başa düşməz, dilimi də işə saldım:
–Mani-manisi çatmır, Valeh müəllim.
–Nə qədər?
–7 milyon verirsiniz, 5-ni qaytarıb verirəm sizə!
–Adə! – Kişi sevincək mənə yaxınlaşıb, əl qoydu çiynimə, – sən bizim adamsan ki!
Nizami özünü saxlaya bilmədi:
–Verdi?!
–Yox, yolu başqasına tapşırdılar tiksin...
Ağamahmudu da götürüb, gedib oturduq “Murad” restoranında. Telman otaq yoldaşımız Qoçunu soruşdu:
–Oğru nə əcəb gəlməyib?
–Nə?! – Nizami sərt cavab verdi ona.
–Oğrunu deyirəm?!
–Oğru kimdi?
–Qoçu!
–Ayə, ağzına gələni danışma!
Telman da öz dediyindən geri çəkilmədi:
–Ay Nizami, nə müdafiə eləyirsən, mənim yanımda dəfələrlə oğurluq eləyib Qoçu.
–Sübut?
–Bir dəfə mənə dedi, Telman, bəlkə şəhərə çıxaq?!
–Xeyir ola?
_ O dəqiqə bildirirsən ki, Şamaxılısan!
_Nədən?
_Öz xeyrini güdməkdən!
_Nə xeyir, bəlkə məni aparıb satacaqsan?!
_Qorxma, pula getməzsən!
_Niyə?
_Arıqsan.
_Gənə də nə qarnının ağrısı var şəhərə çıxmaqda?
–Qabaqdan qış gəlir, əynim-başım yalındı, sənin zövqün yaxşıdı, gedək mənə bir plaş alaq.
Getdik Mərkəzi univermağa. Bilirsiniz da, Univermaqla Daxili İşlər Nazirliyi ağız-ağızadı. İçəri girib, qış geyimləri şöbəsinə geçib, başladıq plaşlara baxmağa. O vaxtı “balonnı plaş” deyirdilər, Qoçu birini götürüb, geydi əyninə.
–Necədi?!
–Əla!
–Alə, əla olduğunu bilirəm, əladı, necə yaraşır?!
–Elə bil əyninə biçilib. Baxanda səni bunsuz təsəvvür eləyə bilmirəm!
–De, papa canı!
–Papa canı!
–Məsləhət bilirsən alım bunu?
–Əlbəttə.
O dəqiqə Qoçu plaşın etiketini cırıb qoydu cibinə. Yaxasını boğazınacan düymələyib, düşdü qabağa:
–Dalımca gəl.
–Qorxuram.
–Niyə qorxursan?
–Tutarlar.
–Alə, dalımca gəl.
Heç nə olmamış kimi çıxdıq univermaqdan.
–İndi hara gedirik?
–Kubinkaya.[1]
Orda bir çolaq kişiylə bir qadın Qoçunu görən kimi cumdular üstünə:
–Nə gətirmisən?
–Əynimdəkini.
–Çıxart!
Qoçu cəld plaşı soyunub atdı bunların üstünə:
–Mağaza qiyməti, məndən yaxşı bilirsiniz, 180 manatdı, 100 verin, götürün!
–Yarım saat hərlənib, çaydan-zaddan için.
Heç 20 dəqiqə də çəkmədi, gördük alverçi qadın bizi çağırır:
–Ay uşaqlar, gəlin pulunuzu aparın!
Ağamahmud dedi:
–Əl radiosunu bilirdim, bunu yox. – Amma Qoçu həm səxavətliydi, bir tikəsini beş adamla bölərdi, həm də qoçu idi ki, qoçu. Yadınızda olar, böyük bir qastronom açmışdılar yataqxanadan yuxarı. Bir dəfə nəsə alırdım ordan, bir nəfərlə, elə mən yaşda olardı, sözümüz çəp gəldi. Savaşıb eləmirdik, nəyisə aydınlaşdırmaq istəyirdik. Birdən tanış bir səs dəydi qulağıma:
–Alə, sən kimsən belə?! – Dalıyca da mənimlə söhbət eləyən oğlanın baş-gözünə şarap... şap...
Baxdım ki, Qoçudu, az qalırdı oğlana kəllə atsın, güclə tutub saxladım:
–Ay Qoçu, neylədiyindi?!
–Alə, sənə söz deyir bu?!
–Söz nədi, danışırdıq. – Atan yaxşı, anan yaxşı... birtəhər sakit elədim.
–Rəhmətlik atası, hər gəlib gedəndə mənə tapşırardı Qoçunu: “Bala, bundan muğayat ol, dalaşıb-eləməsin!”. – dedim.
–Bayaq əl radiosu dedin ey, Ağa... – Nizami soruşdu.
–Onu məndən soruş. – Telman sinəsini verdi qabağa.
–Niyə səndən?! – Ağa soruşdu.
–Mənim yanımda olub əhvalat.
–Danış, Telman, – dedim.
–Bir gün, Qoçu dedi, bəlkə şəhərə çlxaq?
–Xeyirdi?!
–Nə xeyir axtarırsan, tavana baxmaqdan gözüm ağrıyır, gözəl-göyçək qızlara baxarıq heç olmasa!
Bir xeyli gəzib-dolanıb, gözümüzün qurdunu öldürəndən sonra gəldik dayanacağa. 60 saylı avtobusu gözləyirdik. İnsafən tez də gəldi. Qoçunun bir xasiyyəti vardı – avtobusa qabaq qapıdan minərdi. Arxaya boylanar, ya əyləşər, ya da sərnişinləri yarıb keçərdi dal oturacağa. Bu dəfə də... gördüm arxada bir qadın əyləşib, əlində radio. Onda radiolu olmaq hər adamın işi deyildi.
–Dalımca gəl, – Qoçu yeriyib, qadının sağ tərəfində oturdu. Mən də qaldım ayaq üstə. Başladı qadını sorğu-suala tutmağa. Bir azdan qadın radionu verdi Qoçuya. O da dalğaları dəyişə-dəyişə, deyərdim ki, oynayırdı radio ilə. Birdən başını qaldırıb, mənə göz vurdu. Bildim ki, “üçüncü artıqdı” deyir. Növbəti dayanacaqda avtobusdan düşdüm. Deyə bilmərəm 1 saat çəkdi, saat yarım çəkdi, yataqxanaya qayıdanda, gördüm otağımızdan səs gəlir. Qapını açanda baxdım ki, Qoçu çarpayıda uzanıb, ayağını da qaldırıb qoyub ayağının üstünə, əlindəki radioya qulaq asır.
–Bu nədir, Qoçu?!
–Görmürsən?!
–Görürəm... qadının radiosuna oxşayır bu.
–Oxşayıra bax ey?! Alə, özüdür ki, var!
–Necə?!
–Səndən sonra bir dayanacaq gedib, biz də düşdük. 100 addım yeriməmişdik, qadın paltosunu çıxardıb verdi mənə, radionu da üstəlik:
–Sən bunları saxla, mən tualetə dəyib qayıdıram.
–Sən də əkişdirdin, hə?!
–Alə, boş-boş danışma, o, boyda namərdlik olar?! Oğurluq eləyəndə kişi kimi oğurluq eləmək lazımdı.
–Necə?!
–Necəsi yoxdu ki. Qadın mənə etibar eləyibsə, mən onun etibarından sui-istifadə eləyə bilməzdim. Bir azdan qayıdıb gəldi. Paltonu tutdum, geyindi, radionu da alıb bağını taxdı qoluna. Fikir məni götürdü – indi bu radionu necə alım bunun əlindən. Çox götür-qoydan sonra qəfil əl atdım radioya, dartdım, bağı qırıldı, radio qaldı əlimdə, qadın da ağzı üstə gəldi yerə. Götürüldüm. Bir də gördüm dalımca qaranəfəs biri gəlir. Geri çevrilib, qaça-qaça dedim:
–Alə, hara gəlirsən, mənə çata bilərsən?! – tüpürdüm dabanıma.
–İndi biz bunu dinləyə bilərik, Qoçu?!
–Qurbandı!
–Günah deyil ki?!
–Niyə günah olur?!
–Oğurluqdu axı!
Qoçu birdən sıçrayıb durub oturdu yerin içində. Özüm də qorxdum, elə bildim qalxıb mənə kəllə atacaq. Amma qaşlarını çatıb, acıqlı-acıqlı məni süzdü:
–Alə, molla olmusan, Quran oxuyursan?! Nə tez yadından çıxartdın, acından ağzınızın qara suyu burnunuza qarışanda, bazardan çırpışdırıb gətirdiklərimi?! Nə yaxşı onları təpib-təpişdirəndə günah olmurdu, indi radionun quru səsinə qulaq asmaq günah olur?!
30.06.-08.07.2025
[1] Kubinka – Sovet dövründə “qara bazar”.
[2] Təpib-təpişdirmək – acgözlüklə basıb mədəni doldurmaq.