Musa Urud - Qərib heey!

YAZARLAR 14:20 / 22.01.2026 Baxış sayı: 2708

Qərib heey!

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri , tanınmış yazıçı- publisist Qərib Mehdi bu fani dünyaya əlvida deyib, əbədiyyətə qovuşdu. Öz uzun və mənalı ömrünün altmış ilindən çoxunu söz sənətinə həsr edən Qərib Mehdi ustad qələmini ədəbiyyatın bir çox janrlarında sınadı: hekayə, povest, roman, dram, şeir, məqalə yazdı. Qərib Mehdi nə yazdısa ürəklə yazdı, içindən gələni yazdı, sözdən ilmə toxuyurmuş kimi, biri digərinə bənzəmıyən gözəl lövhələr yaratdı.

Qərib Mehdi nə yazdısa, " Qərib heey!" nidasının prizmasından baxaraq yazdı, məsuliyyətini və borcunu dərk edərək yazdı.

Qərib Mehdini mən çoxdan və kifayət qədər yaxından tanıyırdım. Ustad-şagird münasibətimiz sonradan dostluğa çevrilmişdi.

1984-cü ildə mən Tibb İnstitutunu bitirib təyinatla işləmək üçün Gəncəyə gedəndən sonra Qərib Mehdini tanımışam. Qərib müəllimin 1980- ci ildə Gəncədə yaratdığı və rəhbərlik etdiyi " İlham" ədəbi birliyi Gəncə ədəbi mühiti üçün yeni bir hadisə idi və qısa müddətdə gənc qələm sahiblərinin ibadətgahına çevirilmişdi. "İlham" ədəbi birliyinin hər həftənin şənbə günləri "Alimlər evi" ndə keçirdiyi toplantıları bir ədəbiyyat bayramına çevirilirdi. Birlik üzvləri yeni yazılarını oxuyur, ciddi ədəbi mübahisələr, diskusiyalar aparırdılar. Bu birliyin müdavimləri arasından Azərbaycan ədəbiyyatında öz sözünü demiş, imzasını qoymuş bir çox istedadlı qələm sahibləri yetişmişdir: Xəzangül, Qəşəm Nəcəfzadə, Sərvaz Hüseyinoğlu, Kəramət, Elçin İsgəndərzadə, Nizami Aydın, İham Məmmədov, Aydın Murovdağlı, Eldar İsgəndərzadə, Aləmzər Əlizadə, Sadiq Musa, Fərruxə Umarova, Aygün və s. kimi tanınmış qəlım sahibləri məhz ustad yazıçı və müəllim Qərib Mehdinin yaradıb rəhbərlik etdiyi "İlham" ədəbi birliyinin əlaçı şagirdləri olmuşlar.

Qərib Mehdinin uşaqlığı ağır müharib illərinə düşmüşdü, atası müharibədən qayıtmamışdı, anasının himayəsində böyüyən istedadlı gənc olan Qərib fəhlə, qaynaqçı, daşyonan, bənna, aktyor kimi peşələrdə çalışaraq bir parça çörəyini özünün dediyi kimi "daşdan çıxararaq", həyat mücadiləsi apararaq yazıçı kimi yetişmişdi, daha sonralar müəllimi olduğu Gəncə Pedoqoji İnstitutunu da qiyabi olaraq bitirmişdi. Ancaq necə deyərlər, istedad gün işığı kimidir, həmişə üstdə qalır. Qərib Mehdi böyük ədəbiyyata "Rast" povesti ilə, " Qərib, heey" mənzum hekayəsi gəldi və parlaq istedadı ilə ədəbi mühitdə tanındı.

Qərib Mehdi vicdanlı və ədalətli qəlım sahibi olmaqla yanaşı, aydın və qətiyyətli vətəndaş mövqeyi ilə tanınan qəlım sahibi idi.

Qərib Mehdi olduqca təmiz mənəviyyata və daxili azadlığa malik olan söz ustadı idi.

Qərib Mehdi yaradıcılığı həyatın özündən, onun ən dərin qatlarından qaynaqlanırdı, axırdı, axdıqca da durulurdu, içtimai münasibətlərə də bir saflıq aşılayırdı.

Qərib Mehdi olduqca sadə həyat tərzi olan, təvəzökar, öz yerini, həm də öz qiymətini bilən dəyərli qələm sahibi idi.

Qərib Mehdi kifayət qədər uzun və mənalı ömür yaşadı, yüzlərlə bir-birindən gözəl əsərlərə öz imzasını qoyaraq dünyaya əlvida dedi.

Amma bir həqiqət də var ki, yazıçının əsil ömrü onun əsərlərinin ömrü qədərdir. Xoşbəxt o qələm sahibidir ki, adı, imzası fiziki ömründən qat-qat çox yaşayır və müəllifi xatırladır.

Qərib Mehdi kimi...