Meyxoş Abdullah - Qadın ürəyi...

YAZARLAR 09:15 / 18.11.2025 Baxış sayı: 11225

 

                                                                         (hekayə)

Xəstə olduğunu bilirdim... Son vaxtlar ürəyi möhkəmcə ağrıyırdı. Bir az da şəkəri vardı, təzyqi də yüksək idi.

Həkim hamısını mənə danışmışdı. Demişdi ki, həyat yoldaşına sakitlik lazımdır, çalış onu qoru...

Amma həkim həyat yoldaşımın bərk qısqanc olduğunu bilmirdi. Çünki qısqanclıq tibb aləmində xəstəlik siyahısına salınmayıbdır. Onu mən həkimdən yaxşı bilirdim, çünki yazıçıyam axı...

Bütün dərmanlarını vaxtı-vaxtında içsə də, xeyiri olmurdu. Bilirdim ki, həkim onun əsas dərdinin dərmanını yazmayıbdır. Onun xəstəliyini özüm sağaltmaq istəyirdim... Axı, mən onu çox sevirəm... Birdə ki, o xəstəliyi onda mən özüm yaratmışam. Günah mənim idi.

Ona görə də, bir gün gizli saxladığım telefonumun o biri nömrəsindən öz telefonuma bir ismarıc yazdım, Xoşqədəm adlı bir qadının adından...

Yazdım ki; – “Ay insafsız, niyə məni sevmirsən? Mən ki, sənin dərdindən dəli-divanə olmuşam. Nə olar, heç olmasa mənə bir kəlmə də olsa, xoş söz yaz, necəsən de, əhvalımı soruş... Bilirəm, həyat yoldaşını çox sevirsən, ona çox bağlısan. Sənin xanımın da xoşbəxtdir ki, sənin kimi bir həyat yoldaşı var. Əgər sənin qadının mən olsaydım, gecə-gündüz qulluğunda durardım. Səni canım, gözüm qədər sevərdim. Qoymazdım ki, dərd çəkəsən. Xəstə olsaydım belə, sürünə-sürünə arxanca gəzərdim... Bütün həyatımı, ömrümü sənə qurban verərdim. Amma neynim ki, sən məni sevmirsən... Mənə quruca da olsa, xoş bir söz yazmırsan... Axı səndən nə istəyirəm, ay insafsız? Görəsən, sənin həyat yoldaşın bu qədər xoşbəxt bir qadın olduğunu anlayırmı?!.. Anlayırmı ki, sən ondan başqa heç kəsi sevmirsən, ona necə sadiqsən?!

İnanmıram!.. İnanmıram ki, o, səni mənim qədər başa düşsün və sevə bilsin... Gör, sənin bəxtəvər qadının nə qədər xoşbəxtdir... Kaş o, xoşbəxt olduğunu anlaya biləydi. Mən isə, heyf ki, bu dünyadan nakam gedəcəyəm, dərd-sərimi bilən olmayacaq. Səni sevdiyimi bu qəlbimdə soyuq məzara aparacağam.

Səni dünyalar qədər sevən, amma özü sevilməyən, bədbəxt Xoşqədəmin...”

... Telefonumu özümdən heç vaxt kənara qoymadığım halda, bu gecə qəstdən onu yemək stolunun üstünə qoyub, yatağa uzandım...

Həyat yoldaşım səhər məndən tez oyanmışdı. Üzü gülürdü... Elə bil, həminki xəstə adam deyildi. Məni işə yola salanda gözlərimin içinə baxıb qımışdı və:

- Mən gözələm?! – soruşdu.

- Hə, əzizim. Əlbəttə, çox gözəlsən! - dedim.

Gülümsədi və sonra:

- Narahat olma, daha, ürəyim ağrımır... – Heç, təzyiqim də yoxdur... Deyəsən, şəkərim də düşübdür!.. – dedi.

Qımışdım.

Sonra qapıdan çıxmaq istəyəndə məni arxadan səslədi və:

- Əzizim, nə olar, məni bağışla, səni hədər yerə qısqandığım üçün! - dedi.

Başımı astaca tərpətdim və küçəyə çıxdım.

Gözlərim doldu. Köksümdə qəfil bir ağrı hiss etdim. Onun ürəyinin saflığı ürəyimi ağrıtdı, deyəsən...