Kərim Kərimli mətbuata iradını bildirdi

Mətbuatda tez-tez “Ağdərə rayonu”, “Əsgəran rayonu” ifadələrinə rast gəlirik.
Yazıçı-publisist, jurnalist Kərim Kərimli feysbuk hesabında yazıb ki, Azərbaycan Respublikasının ərazisində "Ağdərə" və "Əsgəran" adlanan rayon yoxdur.
“Azərbaycan Respublikasının Tərtər rayonunun tərkibində Ağdərə qəsəbəsi və Xocalı rayonunun tərkibində Əsgəran qəsəbəsi var. Ona görə də erməni mətbuatından "kopya"ladığınız "...Əsgəranın Ağbulaq, Naxçıvanlı... və Ağdərənin Canyataq kəndlərindən mülki erməni əhalisi təxliyə edilib..." tipli xəbərləriniz nəinki yanlışdır, həm də ölkəmizin ərazi-inzibati bölgü prinsipinə və dövlət suverenliyinə hörmətsizlikdir, həqarətdir”.
Yenises.az xəbər verir ki, tanınmış jurnalist Demokrat.az-a bildirib ki, nədənsə jurnalistlər israrla 30 ildir eyni səhvləri təkrar etməyə davam edirlər:
“Ağdərə rayonu vaxtilə ləğv olunub, ərazisi Ağdam, Tərtər və Kəlbəcər arasında bölünüb. Əsgəran rayonu isə Xocalı rayonunun ərazisinə birləşdirilib və qəsəbə statusundadır. Hər iki qərar Azərbaycan dövlətinin qərarıdır. Nəyə görə bizim jurnalistlər israrla “Ağdərə rayonu”, “Əsgəran rayonu” ifadəsini işlədirlər. Axı Respublikanın inzibati ərazi bölgüsündə bu adda rayonlar yoxdur. Hadrut və Martini rayonları da artıq yoxdur, Xocavənd rayonuna birləşdirilib. Hələ mənə irad tuturlar ki, niyə bunun üzərində dayanırsınız? Hökumətimizin qərarından narazısınızsa, bildirin”.