Saqif Qaratorpaq : - Məni xoşbəxt etməyə

Məni xoşbəxt etməyə
Bircə baxış da bəsdi.
Qaçıb sənə gəlirdim,
Qarşımı illər kəsdi.
Çox heyif,hünərim yox
Eşqdən dəli olmağa.
Nə getməyə güc tapdım,
Nə yanında qalmağa.
Mən də ağıllı çıxdım,
Neynim,adam olmadım.
Bir gecə səndən ötrü
əriyən şam olmadım.
Məni həyat aldatdı,
Qaçdım çörək dalınca.
Cəsarətim çatmadı
Gedəm ürək dalınca.
Ha yüyürsəm,ha qaçsam
Çatmaz sənə əllərim.
Eh,mən çoxdan ölmüşəm...
Sənin də yox xəbərin.