Ağamir Cavad : - AKASİYA ÇİÇƏYİ, AKASİYA GÜLÜ

Ədəbiyyat 08:53 / 04.06.2025 Baxış sayı: 1228

 

Sərraf Talıbın eyniadlı şeirinə

 

Bəyaz duyğularla sevirəm səni,

Akasiya çiçəyi, akasiya gülü.

Eşqimlə qovuram dumanı, çəni,

Aksiya çiçəyi, akasiya gülü.

 

Bu il bədmi oldu tale naxışı?

Ətrini oğradı bahar yağışı,

Odtək dumduruydu gözünün yaşı,

Akasiya çiçəyi, akasiya gülü.

 

Bəyaz ləçəyini yağışlar yudu,

Yaylığın islandı, yanağın sudu.

Amma tükənmədi qəlbinin odu,

Akasiya çiçəyi, akasiya gülü.

 

Zaman gözlərinə baxa bilmədi,

Bahar bu həsrətə sığa bilmədi.

Arılar şəhdini yığa bilmədi,

Akasiya çiçəyi, akasiya gülü.

 

Saflıq dünyasından yerə enmədin,

Yağışda, küləkdə haqqdan dönmədin.

Çətirlər altında kölgələnmədin,

Akasiya çiçəyi, akasiya gülü.

 

Darıxma, həyatdır, olan olub da,

Açılan hər çiçək bir gün solub da...

Bu dərdi oxşadı Sərraf Talıb da,

Akasiya çiçəyi, akasiya gülü.

 

Ağamir eşq ilə açıb düyünü.

Sənə məhəbbətlə baxıb öyünür.

Vəsf edir İlahi gözəlliyini,

Akasiya çiçəyi, akasiya gülü.

 

4 iyun 2025-ci il