İSMAYIL MƏRCANLI İMANZADƏ : - ADAMLAR

Ədəbiyyat 09:00 / 04.06.2025 Baxış sayı: 1335

 

 

Hər işin çəmini tapmağı bilir,

“Yağlı bir tikəni” qapmağı bilir.

“Vəzifə atı”nı çapmağı bilir,

Zəvzəyib, boğazın yırtan adamlar!

 

Dilsizin qəddini əyib-bükəndi,

Zəlidi, quzgundu,- gödən sökəndi.

İblisə, şeytana “papış” tikəndi,

Biclərdən törəyib artan adamlar!

 

Yamanlığın qulu-köləsi olub,

“Böyüyə-böyüyə” yüz yol alçalıb...

Haqsıza züy tutub, şərə əl çalıb,

Ayaqdan yapışıb dartan adamlar!

 

Əgər itiribsə ab(ı)rın-ismətin,

Nadana səhvini anlatmaq çətin.

Yağlı “sür-sümüyün”,-ucuz şöhrətin

Ardınca yüyürüb-yortan adamlar!..

03.06.2022