İlham İnam - "QÜRUBA ENƏN GÜNƏŞ" YENƏ DƏ DOĞACAQ
(Fazil Sənan. "Qüruba enən günəş", "İmza" nəşrlər evi. Bakı - 2022)
Yazıçı-publisist Fazil Sənanın "Qüruba enən günəş" romanı qarşımdadır. Onu da qeyd edim ki, bir çox nasirlərimiz hekayə, esse, publisistik yazılar yazmaqla kifayətlənirlər. İrəli gedən ədiblər isə povest və roman janrına müraciət edir.
Yazıçı üçün roman yaradıcılığı çox böyük məsuliyyət, diqqət, tələbkarlıq, yaradıcılıq axtarışları tələb edən ciddi bir sahədir. Mərhum şair-publisistik İnqilab İsaq bu kitaba yazdığı "Yazıçının özü və sözü..." ön sözündə də roman yazan yazıçını çayda yox, dənizdə üzən qəvvasla müqayisə etmişdir. Vurğulamaq yerinə düşər ki, bu əsər Fazil Sənanın ilk qələm təcrübəsi deyildir. Buna qədər yazıçının "Xəyanət", "Nifrətin göz yaşları", "Bir cüt qərənfil", "Kolleksiya" adlı povestləri və "Gözlə qayıdacağam", "Bağışlanmış günah" romanları ədibin qələmini püxtələşdirmiş və yaradıcılığını təkmilləşdirmişdir. Hədiyyə olaraq qəbul etdiyim "Qüruba enən günəş"ə yol yoldaşı, qulaq müsafiri olaq.
Müəllif əsərin başlanğıcını qəribə və maraqlı bir epiqrafla açır.
"Bu əsər 2052-ci ildə dünyaya gəlişimin yüz illiyi ilə bağlı məni xatırlayanlara ithaf olunur".
Müəllif.
Bu fikirlər ilk baxışdan oxucunun ilgisini çəkir. İstər-istəməz adamda əsəri oxumağa maraq yaranır. Romanın əsas qəhrəmanları Fariz və Fərəhdir. Əsər bu iki cütlüyün münasibətləri üzərində qurulmuşdur. Hadisələr məktəbdə – sinif otağında onların məktəbli olduqları dövrdən başlanır Oxucunun obrazlar arasında olan bu münasibətləri səmimi və təbii qəbul etməsi onların saf və təmiz sevgilərinə hörmətdən irəli gəlir. Eyni zamanda bu münasibətlər bir qədər gənc və yeniyetmə oxucu üçün tanış və doğma nüanslardır. Belə ki, mobil telefonların , internetin olmadığı dövrdə Fariz kimi gənclərin Fərəh kimi qızlarla sevgi münasibətləri yalnız "kağız məktublar"la mümkün idi. Bu məktub Fərəhi dəyişdirir, onu bundan sonra Farizə özgə bir gözlə baxmağa , fərqli bir münasibətlə yanaşmağa vadar edir. Fərəh həm də seçim qarşısındadır. Onun "həyat imtahanı"ndan keçməsi və yaxud kəsilməsi Farizə deyəcəyi "hə"dən və "yox"dan çox asılıdır.
Yazıçının təbirincə desək: "İşığı söndürüb qəlbinin işığını yandıran" Fərəh üçün bəlkə də bu məktub Farizdən ən qiymətli bir əşyadır. Farizin başqa kənddən gəlməsinə baxmayaraq onun sinif yoldaşlarına, müəllimlərinə olan mehriban münasibəti, yaxşı oxuması, bir sözlə, qızların üstünlüyü Farizə verməsi Fərəhi düşündürür. O, Farizə qarşı heç də dəli-divanə deyildir. Fərəhin atası demişkən: "Farizin onlara uzaqdan-uzağa qohumluğu çatır". Fərəhin sinif yoldaşları olan qızlar əslində Farizlə Fərəh arasında olan sevgini çoxdan duymuşdular. Farizin Fərəhə olan baxışlarını onlar göydə tutmuşdular. Bunu Fərəhi cırnadan qızların söhbətlərindən anlayırsan. "Qızların dediyi qismət indi öz ayağı ilə qapıya gəlibdir". Fərəh sanki dilemma qarşısında qalıb. Bu gecəni Fariz də yata bilmir.
Məktubun aqibətini düşünür. Görəsən, özlüyündə ad qoyduğu "dəli keçi"si ona, onun sevgisinə nə cavab verəcək?
Sinifdə Farizin yaxşı oxuması şagirdlərin də diqqətini cəlb edir. Hətta Fərəh Cavadı Farizin yanından uzaqlaşdıraraq özü o partada əyləşir. Fərəh müstəntiq dəqiqliyi ilə Farizin daxili aləmini, iç dünyasını və onun Fərəhə olan münasibətini dərindən öyrənmək çabası göstərir. Fariz Fərəhə, onun ürəyini deşib oraya "sağalmaz bir yara", yəni, eşq odu saldığını bildirir. Sabahkı gün Fərəh Farizlə yanaşı əyləşdiyi partadan ayrılır. Məlum olur ki, Farizin Fərəhə "dəli keçi" deməsi onun xətrinə dəyibdir və küsməsinə səbəb olubdur. Farizin sevgi etirafları sanki Fərəhi dəyişdirmişdir. O, elə bil əvvəlki qız deyildi. Onun Farizə biganə olmadığını baxışları hiss etdirir. Farizin "sevgi məktubu" Fərəhi çıxılmaz vəziyyətə salıb. O da Farizə cavab məktubu yazmaq fikrindədir. Sanki fikri, düşüncəsi kilidlənib. Həmişə dil-dil ötən Fərəh bu dəfə lal olub, söz tapmaqda acizlik göstərir. Nəhayət, o özünü toplayıb iki cümlədən ibarət nəsə yazıb vərəqi qatlayır və onu kitabın arasına qoyur.
Səhərisi gün Fərəhin dərsə gəlmədiyini görən Farizin sanki itiyi itib. O, qırx dərənin suyunu bir yerə yığaraq min-bir fikrə düşür. Onu "toruna salmağa" çalışan sinif yoldaşı Əminə bu gün Fərəhin dərsə gəlməməsindən məharətlə istifadə edir. Fariz sanki sehrlənərək, ovsunlanaraq Əminənin atdığı tora düşüb çabalayan balıq kimi özünü hiss edir. Əminənin "Mən Fərəhdən qabağa düşdüm, yoxsa gorum çatlayardı" kəlmələri sanki Farizi – sudan çıxan balığı yenidən suya qaytarır.
Növbəti səhər Fərəh dərsə gəlir və iki-üç cümlədən ibarət "məktub"unun da poçtalyonçuluğunu özü edir.
Fariz sanki iki yol ayrıcında çaşıb qalmış yolçuya bənzəyir. Bir yolun başında Fərəh, digər yolun başında isə Əminə dayanıbdır. Hər iki qız Farizdən sevgilərinə sevgi ilə cavab istəyindədirlər. Qəribə bir situasiya yaranıbdır. Fariz Fərəhi sevir, Əminə isə Farizi. Onların gənclik ruhlarından doğan istəklərində dolaşıq bir vəziyyət qəhrəmanlar arasındakı münasibətlərin gərginləşməsinə xidmət edir. Əminənin ona yazdığı məktubu oxuduqdan sonra nə cavab verəcəyi ətrafında dərindən düşünməyə başlayır Fariz.
Sabah tezdən məktəbə gələn Fariz Əminənin yazılı məktubuna şifahi cavab verir. Bildirir ki, sənin sevginə hörmət və ehtiramla yanaşıram. Əgər mənim sənət, peşə dalınca getməyimi, əsgəri xidmətimi gözləyə biləcəksənsə, şərtlərinlə razılaşaram. Bu da məktəbin "Son zəng"i. Şagirdlər bir-birləri ilə öpüşüb-görüşüb vidalaşırlar. Çünki həyat onların hər birinə ayrı-ayrı tale, qismət, ömür yolu nəsib edibdir. Nəhayət ki, zəhmətinin bəhrəsini görən Fariz ali məktəbə qəbul olur. Lakin Fərəhə olan sevgisindən dolayı onu heç cür yadından çıxarda bilmir.
Fərəh də ali məktəbə qəbul olub. Vaxtilə bir sinifdə yanaşı əyləşən bu iki sevən ürək bu gün eyni şəhərdə yaşasalar da bir-birlərindən xəbərsizdirlər.
Fərəh də Farizə olan sevgisindən uzaqlaşa bilmir. Onun yazdığı məktubu dönə-dönə oxuyub öpür, gül kimi qoxlayır. Bəzən Fərəhin içinə şübhə toxumu düşür. O, Farizin onu unutmasından qorxur. Lakin daxili bir inam hissi bu sevgini daha da alovlandırır. Fərəh inanır, inanır ki, onun sevib tanıdığı Fariz tezliklə ona qovuşacaqdır. Uzun illərin ayrılığından sonra təsadüf nəticəsində şəhərdə bir-birləri ilə rastlaşan Fariz və Fərəhə sanki dünyanı bağışlayırlar. Bir-birlərini yenidən tapandan sonra sanki bir-birilərini itirməkdən qorxan bu iki gənc tez-tez görüşərək gələcək xoşbəxtliklərinə sanki bir qapı açmaqdadırlar.
Lakin onların bu günəş sevgisinin önünü bir qara bulud tutmaq istəyir. Sanki bu qara bulud Farizin valideynləridir. Onlar Fərəhə elçi getmək istəmirlər. Nə də ata-anasının üzünə baxa bilməyəcəyindən, el tənəsindən qorxan Fərəh Farizə qoşulub qaçmaq istəmir. Ata-anasının sözünün qarşısında söz deyə bilmək cəsarətində olmayan Farizin Fərəhin: "Elçini göndər sənin olum" təklifi ilə razılaşa bilməməsi sanki düyünə düşən kələfi andırır.
Digər bir tərəfdən bir-birilərinə qovuşmalarının bir addımlığında inadkarlıqları səbəbindən yolları ayrılan bu sevgililərin belə anlaşılır ki, məhəbbətləri ilğım kimi ötəri bir hiss imiş.
Hərbi xidmətə yola düşən Fariz Polşada əsgərliyini çəkməli olur. Ali məktəbi bitirib kəndlərinə geri dönən Fərəhə müxtəlif yerlərdən elçilər gəlsə də, o heç kimə getməyərək qəlbində gəzdirdiyi məhəbbətinin həsrətiylə yaşamaq zorundadır.
Əsgəri xidmətdən qayıdan Farizi valideynləri el adəti ilə evləndirirlər. Ailə qurduğu Elnarə xanımdan Fərid adlı bir oğlu da dünyaya gəlir. Bunlara baxmayaraq Fariz ilk məhəbbətinin qaranquşu olan Fərəhi heç cür unuda bilmir. Öz xoşbəxtliyini ata-anasına olan hörmətinə qurban verən Fərəhin taleyi ilə təkcə bacısı Aysel maraqlanmaqdadır. Farizə baxanda hələ də öz sevgisinə sədaqətli çıxan Fərəh məhəbbətini qəlbində gəzdirməyə üstünlük verməkdədir.
Fərəhgilin ailəsi belə qərara gəlir ki, başqa kənddə yaşayan Farizin evli ya subay olduğunu öyrənsinlər. Atası Əmrah qızının Farizə meylli olduğunu duymuş, tələbə olanda Farizin xasiyyəti xoşuna gəlmişdi. Fərəhgilin kəndçisi Qəzənfər (hansıkı Fariz orta məktəbdə oxuyanda onlarda qalırdı) vasitəsilə öyrənirlər ki, Fariz ailə qurub, evlənib, özü də hərbidə işləyir. Qəzənfər Farizin atası Bayramla xalaoğlu idi. Vaxtilə "Tanımadığım qızı evimə gəlin gətirmərəm", – deyən Bayrama məlum olanda ki, oğlunun əsl istədiyi qız Fərəhdir, Tanrı qarşısında bu evliliyə mane olduğu üçün özünü günahkar sayır. Farizin evlənmə xəbərini eşidən Fərəhin atası Əmrah kişi qəzəbli vəziyyətdə evə gəlir. O, Fərəhi çağırtdırır. Fariz kimi ağıllı, savadlı oğlanın evlilik təklifini rədd etdiyi üçün qızına bir şillə vurur. Lakin Fərəhi atasının şilləsindən çox öz xoşbəxtliyinə qarşı atdığı yanlış addım ağrıdır.
Hərbi hissə komandanlığı tərəfindən Rusiyanın Kalininqrad şəhərinə oxumağa göndərilən Fariz orada da yaddan çıxara bilmədiyi Fərəhin eşqi ilə yaşayır. Fərəhdən öncə evləndiyi üçün özünü qınayır. Psixoloji sarsıntı keçirən Fərəhi həkim müayinəsindən sonra müalicə etdirən anası qızının taleyinə biganə deyildi. Nəhayət, üç il boyunca dəfələrlə onların qapısına elçi gələn Qəniyə Fərəhin "hə" sini verirlər. Əsl sevgisini qəlbində dəfn etməli olan Fərəh bu evliliyə könülsüz də olsa razılıq verir.
Hərbi məktəbi qurtardıqdan sonra Fariz də digər kursant yoldaşları kimi evə on günlük məzuniyyətə buraxılır. Planlaşdırılır ki, onları xarici ölkələrdən birinə ezam etsinlər. Ata və anası buna razı olmasa da bu, Farizin taleyidir. Fariz Fərəhlə görüşüb ayrıldıqları çinar ağacının yanına gələrək uğursuzluğa düçar olan sevgisində özünün də günahkar olduğunu boynuna alır.
Ailəsi ilə xudahafizləşən Fariz təyyarədən əvvəlcə Özbəkistana, daha sonra Əfqanıstana enəndə "hərbi sirr"in nədən ibarət olduğunu anlayır. Gələnlərə bir ay kurs keçən hərbi məsləhətçi burada əfqan xalqının adət-ənənəsi, onlarla görüşmək və davranmaq qaydaları barədə bilgi verir. Yaxşı hərbiçi, bacarıqlı kəşfiyyatçı kimi komandanlığın hörmətini qazanan Farizi kəşfiyyatçıların rəhbəri təyin edirlər.
Fərəhgilin qapısında toy mağarı qurulubdur. Fərəh ərə getsə də, əslində xoşbəxtliyini gedər-gəlməzə yola salmaqdadır.
Əfqanıstanda ömrü boyu görmədiyi sərgüzəştlərlə qarşılaşan Fariz əfqan narkotacirləri ilə hərbi fəaliyyətinin tərkib hissəsi olaraq "alver" etmək məcburiyyətində də qalır.
Əsərdə oxucu marağına səbəb olan obrazlardan biri də Zəhra surətidir. Narkobizneslə məşğul olan Əkrəmin fikri həddən-ziyadə varlanmaq olsa da, qızı Zəhra atası kimi düşünmür. O, uzaq Moskvada təhsil almaq arzusundadır. Məqsədi əfqan qadınlarını azad, təhsilli, hüququnu bilən sivil bir qadın kimi görməkdir.
Ərə getsə də qızının tam ürəyi istəyən kimi özünü xoşbəxt hesab etməməsi atası Əmrah kişini hər gün düşündürür. O, arvadı ilə evdəki qızını Fərəhə baş çəkmək üçün onlara göndərir. Fərəh heç nəyə ehtiyacı olmasa da, yaxşı yaşasa da, bir ömür boyu ehtiyacı olan, nakam eşqinin ağrısını, sızıltısını daşıyacağını etiraf edir.
Verilən kəşfiyyat tapşırığını yerinə yetirərkən Fariz yaralanır. Həkim qızın xoş təbəssümü, gülərüz siması sanki onun yaralarına məlhəm olur. Farizin ixtiyarsız olaraq həkim qızın gözəlliyinə valeh olması sevgi hisslərinin alovlanmasına yol açır. Həkim qız da Farizə qarşı biganə deyil. Məhəbbətin gücü Farizin sürətlə sağalmasına səbəb olur. Təəssüflər olsun ki, Farizin bu sevgi oxu da sonunda daşa dəyir. Evə buraxılmaq üçün ordudan tərxis olunan Fariz həkim qız Alla ilə maraqlanarkən onun həlak olması xəbərini alır. Xidmət etdiyi müddətdə bu yerlərlə bağlı acılı-şirinli xatirələri xəyalında özü ilə Vətənə aparan Fariz sevdiyi, xoşbəxtlik arzuları yarımçıq qalan Allanın xatirəsini heç cür unuda bilmirdi. Qanlı-qadalı Əfqanıstan müharibəsindən Vətənə qayıtmaq qismətində olan Farizin sağ-salamat qayıtmağı şərəfinə qurbanlıq qoç kəsilir.
Fərəhin bacısı Aysel xaraktercə Fərəhdən fərqli obrazdır. Heç kimə demədən, evdən ailənin razılığı olmadan bir oğlana qoşulub qaçması atası Əmrahın ölümü ilə nəticələnir. Sonradan məlum olur ki, qızının getdiyi ailədən Əmrahın zəhləsi gedirmiş . Ayselin onu ayaqlayıb zəhləsi gedən adamın oğluna qoşulub qaçması Əmrahın infarkt keçirib ölməsinə səbəb olur.
Əsərdə baş verən hadisələr XX əsrin 80-90-cı illərini əhatə edir. Bu dövrün burulğanlı abı-havası başqaları kimi Farizin də həyatından, taleyindən yan keçmir. I Qarabağ savaşının başlanması, Ermənistanın Azərbaycana qarşı torpaq iddiası irəli sürməsi, erməni qaniçənləri tərəfindən kəndlərimizin, şəhərlərimizin tez-tez atəşə tutulması, həmvətənlərimizin qəddarcasına qətlə yetirilməsi Fariz kimi qeyrətli vətən oğullarını dərindən narahat edirdi. Fariz qərara gəldi ki, könüllü batalyonlardan birinə yazılaraq düşmənə qarşı vuruşsun. Evdə qərarını açıqlayanda həyat yoldaşı onun bu addımına etiraz edərək uşaqları da Farizin üstünə tullayıb atasının evinə gedir. Təəssüflər olsun ki, bu məsələdə Farizin valideynləri də gəlinləri Elnarə ilə eyni fikirdədirlər. Onlar da Farizin könüllü döyüşə getməsinin əleyhinədirlər. Bunlara baxmayaraq Farizin qəlbindəki Vətən sevgisi onu yolundan döndərmir. Əfqanıstandakı döyüş təcrübəsi, hərbi peşəkarlığı I Qarabağ savaşında da Farizin karına gəlir. Cəsur kəşfiyyatçı kimi tez bir zamanda bütün batalyonun hörmətini qazanır Fariz. İki ilə yaxın bir müddətdə döyüşlərdə şərəf və ləyaqətlə iştirak edən Farizin yaralanıb hospitala göndərilməsi xəbəri həyat yoldaşına və ata-anasına həyəcanlı vəziyyət yaşadır. Onlar hospitala Farizi görməyə gedirlər .Bir aydan bir az çox hospitalda müalicə olunan Farizi yaraları sağaldığı üçün evə buraxırlar. Atası Bayram kişi qurban kəsib Tanrıya şükürlər oxuyur.
Əvvəlcə Farizin ölüm xəbərini eşidən Fərəh özünə yer tapa bilmir, tez-tez ağlayır. Sonradan məlum olur ki, ölən Farizin özü yox, qardaşıdır. Bunu eşidən Fərəh sevinərək bu xəbərdən şad olur. Bundan sonra Farizin qohumu Ziyafət vasitəsilə onun telefon nömrəsini əldə edən Fərəh onunla görüntülü danışaraq az da olsa səadətinə qovuşur.
Məlum olur ki, bu uzun illər ərzində onların bir-birinə olan sevgiləri zərrə qədər də olsun azalmayıbdır. Vaxtilə onların ilk görüşünə şahidlik etmiş qocaman çinar ağacının kölgəsində köhnə sevgililər yenidən görüşürlər. Həsrət, ayrılıq, intizar göz yaşlarına qarışaraq günahlarının etirafına çevrilir. Bir-biriləri ilə tez-tez görüşüb yenidən vüsala qovuşan bu yaşlı sevgililər sanki sevginin qüdrətindən gümrahlaşır, cavanlaşırlar. Onlar bu gecikmiş səadətlərini qürub edən günəşin parlaq işığına bənzədirlər. Roman çox təsirli və düşündürücü bir həyat salnaməsidir. Hadisələrin gedişatı oxucu üçün təsirsiz ötüşmür.
Farizin oğlu Fərid II Qarabağ müharibəsində hər iki qıçını itirərək qazi olur. Nəvəsi Adəmi "Ata, ayağa dur, gedək mənə maşın alaq", – deyərək atasının ayaqlarının olmadığını görərək hönkürməsi Farizin infarkt keçirərək ölməsinə səbəb olur.
Farizin onun zənglərinə cavab verməməsindən narahat olan Fərəh inadla həmin nömrəyə tez- tez zəng vurur. Nəhayət, zənginə cavab alan Fərəh Farizin vəfat etməsi xəbərindən sarsılır. Bir gün Farizin məzarını ziyarətə gedərkən orada məzarın üzərinə əklil qoyaraq Farizin ruhuna Quran oxutduran qara paltarlı qadının kimliyi Elnarədə təəccüb doğurur.
Yazıçı bilərəkdən o qadınları bir-biri ilə tanış etmir. Çünki Farizdən sonra o tanışlığın da heç bir mənası yoxdur. Farizin həyat yoldaşı Elnarəyə məlum olmasa da oxucuya o qadının kimliyi yaxşı məlumdur.
Yazıçı bu əsərdə təkcə iki insanın sevgi macəralarından söhbət açmaqla kifayətlənməmişdir. O, eyni zamanda XX əsrin son 30-40 ilində olan həm ölkəmizdə, həm də dünyada baş verən ictimai-siyasi hadisələrin panoramasını gözlərimiz qarşısında canlandırmaqla müasir oxucunu yaxın tariximizlə tanış etmək missiyasına da xidmət etmiş olur.
Belə bir roman araya-ərsəyə gətirdiyi üçün Fazil Sənana öz minnətdarlığımı bildirirəm.
10.01.2026