Firuz Mustafa - Zamanın öz hüdudu, öz sərhəddi, öz ölçüsü olur.

YAZARLAR 17:17 / 22.01.2026 Baxış sayı: 2749

 

* Zaman bir şeyi sübut edib: sosial zəlzələlər ərəfəsində çoxlu pravokatorlar, fırıldaqçılar meydana çıxır. Təbiətdə də təxminən belədir: vəhşi heyvanlar zəlzələnin olacağını əvvəldən bilib öz varolmaları, sağqalmaları üçün əvvəlcədən ciddi hazırlıq “işləri” görürlər.

* Zaman. Onu insanlar kəşf edib. Əgər insan yoxsa, zaman da yoxdur.

Zamanın öz hüdudu, öz sərhəddi, öz ölçüsü olur.

Biri var hamı üçün olan zaman, bir də var təklərə məxsus olan zaman.

Ölçülü-biçili zaman, standartlardan uzaq zamandır.

Mən də özümdən asılı olmayaraq özümçün bir zaman ölçüsü yaratmışam.

Ümumiyyətlə, mənim öz zamanım var. Mən bu zamanı iki dəfə böyütmüşəm. Hər kəsə məlum olan bir saatlıq zamanı mən iki saata çevirmişəm. Hamının içində yaşadığı iyirmi dörd saatlıq vaxtı, zamanı, yəni məlum bir sutkanı şişirdib qırx səkkiz saata qədər, yəni iki sutkayacan uzatmışam.

Mən bu qırx səkkiz saatlıq sutkamı dörd yerə bölmüşəm. Beləliklə, mənim öz sutqamın ilk oniki saatı tədris, təlim, tərbiyəyə sərf olunur. Sutqamın ikinci oniki saatı oxumağa, yəni mütaliəyə sərf edilir. Növbəti oniki saatım düşüncəyə, təhlilə, təkzibə, müşahidəyə, özümlə söhbətə həsr olunur. Yerdə qalan son oniki saatımsa yazıya gedir. Beləliklə, uzun onillərdir ki, mən bu “cədvəllə”, bu “marşrutla” işləyirəm. Bəs yuxu? Yatmaq harada qaldı bəs? Mənim yaşam proqramımda yuxuya yer qalmayıb. Uzun illərdir ki, yatmıram. Məndən asılı olmayaraq, bu, belə alınıb. Bunun kökü Yuxarılarla bağlıdır. Ümumiyyətlə, digər əksər canlılardan fərqli olaraq insanın kökü aşağıda, yəni Yerdə yox, yuxarıda, yəni Göydə olur. Həmin Yuxarının bir adı da Tanrıdır.

Bəli, mənim Öz zamanım var. Mən daha çox o zamanın içində yaşamıram, əksinə, o zaman mənim içimdə yaşayır.

Yanımızdan, yəni yan-yörəmizdən keçən zamanın bizə dəxli yoxdur. Dediyim kimi, bizə məxsus olan zaman içimizdəki, başımızdakı zamandır. Bu zamana isə elmdə adətən Sosial zaman deyirlər.

Zaman amansız bir dəyirman daşı kimi maddi olan hər şeyi altına salıb və ya cənginə alıb əzir, üyüdür. Bu amansız “maddi zamandan” yalnız mənəvi, ideal olan nəsnələr kənarda qalır.

Mütləq Zaman heç bir vaxt, heç bir yalana aman vermir. Həmin zaman daim həqiqətin yanında olur.

Zamanla yanaşı bir “zamansızlıq” fenomeni də var. O, zamana meydan oxuyanların zamanı və ya zəmanəsidir.

“Zaman”adlı bir pyesim də var. Zaman tərsinə oxunanda “namaz” alınır. Elə mənim əsərimin qəhrəmanının taleyi də daim tərsinə “oxunur”.

Öz zamanınızı yaşayın.

Zamanı ötüb keçmək faciə, zamandan geri qalmaq isə məzhəkədir.

Zamansızlığa üz tutun.

 

"Buz üstə yazılmış sətirlər"dən