Əşrəf Veysəlli - QORXUSU YOXDUR
Altmışım arxada qalıb haçandı,
Haçandı gözümün yuxusu yoxdur.
Yaşın çətinliyi altmışacandır,
Altmışdan o yana qorxusu yoxdur.
Günlər qanadlanıb uçur,- quş olur,
Ayların karvanı ötüşmüş olur.
Ömür yetmişində yetişmiş olur,
Yetmişdən o yana qorxusu yoxdur.
Elə ki təklənir, təklənir insan
Dərdi batman- batman yüklənir insan.
Gördüm ki, səksəndə səksənir insan,
Səksəndən o yana qorxusu yoxdur.
Yoxuşun sərtliyi dizi qorxudur,
Baxışın sərtliyi gözü qorxudur.
Doxsana yetməyin özü qorxudur,
Yüzdən o tərəfə qorxusu yoxdur.
Hər gün əsəb, təzyiq, qan qorxusudur,
Ürək ağrısıdır, can qorxusudur…
Bizik bu dünyanın ən qorxulusu,
Bizdən o tərəfə qorxusu yoxdur.