Əşrəf Veysəlli - HEŞ NƏ
Vətəndən Vətənə keçmək yasaqdır,
İstək yasaqlara quldusa… heç nə.
Yolları ot bassa dərd basacaqır,
Yollar gedilməyən yoldusa… heç nə.
Biz ona can versək can çəkə- çəkə,
Bizdən ayrı düşməz qorxu, təhlükə.
Həsrət dedikləri o qara ləkə
Xalqın ürəyində xaldısa… heç nə.
Saf eşqə əbədi könül verəndə,
Könül də gözəldir, könül verən də.
Dünynın özü də haqqı görəndə
Kordusa, kardısa, laldısa… heç nə.
Gör hələ qarşıda nə qədər iş var-
Qış var, qasırğa var, qar var, yağış var.
Laqeydlik adlanan bir qara quş var,
Şığıyıb üstünü aldısa… heç nə.
Həsrətli bir ömrün ahıl çağında
Mənası olmurmuş yaşamağın da.
Hikmət bağçasında, sənət bağında
Qeyrət meyvələri kaldısa… heç nə.
Tanrıdan kömək yox, bəndədən haray,
Çəkil öz hücrənə, saydığını say.
İnam çeşmələri batdısa -vay! Vay!
Ümid çiçəkləri soldusa… heç nə.
Dərdə dözə- dözə ürək fil olur,
Qönçə arzuları yanıb kül olur.
Zarafat- zarafat, otuz il olur,
Qisas qiyamətə qaldısa… heç nə.
Başında qovğalar qəzən şairin,
Dözülməz dərdlərə dözən şairin,
Dişləri dilini kəsən şairin,
Çənəsi deyingən oldusa … heç nə!
2019- cu il.