Əlizadə Nuri - Bir qadın ağlayır üzü göylərə...
Bir qadın ağlayır üzü göylərə,
Görəsən, o qadın niyə ağlayır?
Bəlkə yer üzüdü incidən onu
Bəs niyə o qadın göyə ağlayır?
Üzünə qar dəyir, yeriyə bilmir,
Elə bil üstünə yoxuş qayıdır.
Allaha göndərir göz yaşlarını-
Allah elə bilir- yağış qayıdır...
Bir adam tapılmır silə ömrünü,
Kimsə göz yaşını siləydi barı.
Bir qadın ağlayır üzü göylərə
Tökülür içinə hıçqırıqları...
Əyninə paltartək geyib yasını,
Allah hardadı ki?- yoxdu yanında.
Dünən itirdiyi tək balasını
O bu gün axtarır göz yaşlarında...
Onun gündüzünün günəşi soyuq,
Sanki daş asılıb gecələrindən.
Niyə adamların qəmi dayazdan
Bir qırıq sevinci çıxır dərindən?
Bir qadın ağlayır üzü göylərə,
Göylər eşidirmi onun səsini?
Nə tez ürəyini yağışa verdi,
Nə tez qurutdular bənövşəsini?!
...Bir qadın ağlayır üzü göylərə,
Nə qulu eşidir, nə baxır şaha.
Havadan asılı qalıb əlləri-
Əlləri yanına qayıtmaz daha.
Bir azdan dünyanı su basa bilər,
Heç kəs bu qadını saxlaya bilmir.
Allah yatmayıb ki, - allah oyaqdı,
Ancaq neynəsin ki, ağlaya bilmir.
...Anam ol, bacım ol, ehtiyacım ol,
Yıxılma kədərə, aha, ağlama.
Mən dözə bilmirəm göz yaşlarına
Sən Allah ağlama, daha, ağlama...
...Bir qadın ağlayır üzü göylərə
Neynəsin bu boyda hüzünü göylər?
Göy üzü bilmir ki, nə cavab verə-
Buludda gizləyib üzünü göylər...