Ələddin Əzimli - RƏSSAM DOSTUMUN EMALATXANASINDA
Eskizdən boylanan qız,
Saçlarını hörümmü?
Şehli dodaqlarından
Bir kəlmə söz dərimmi?
Yatana oxşayırsan,
Gözlərinsə açıqdır.
Çiynindəki yaylığın
Nurdur, saçaq - saçaqdır.
Eskizdəki cizgilər
Bir sevgi parçasıdır.
Vallah, bu qız bir ürək,
Yüz evin aynasıdır.
Hələ rəssam sənə tam
Nə qan, nə can verməyib.
İnan, heç kim cənnətdə
Səntək mələk görməyib.
Çiyələk qız, çiçək qız,
Qonma mənim çiynimə.
Rəssam zalım balası
Sevda salıb beynimə.
Fırça işə düşəndə,
Bilmləm nə olacaqsan?!
Bəlkə, sən Cakondatək
Tarıxdə qalacaqsan?