Zəka  Vilayətoğlu - Sual əsrlərdən gəldi.

Ədəbiyyat 11:22 / 24.11.2026 Baxış sayı: 57

Doğulduq ana bətnindən,

Ruhumuz göylərdən gəldi.

Ağladıq, üsyan eylədik,

Səsimiz neylərdən gəldi!

 

Bu yer üzü sirli aləm,

Sirri nədir, varmı bilən?

İlahi əlində qələm,

Yazı mələklərdən gəldi.

 

Sirr içində qalıb çaşbaş

Düşündükcə yorulur baş.

Öz-özümlə bitmir savaş,

Fərman o sirlərdən gəldi!

 

Ölüm... təkrar doğulmaqmı,

Ya zülmətə qərq olmaqmı?

Yox olmaqmı, var olmaqmı?

Sual əsrlərdən gəldi.