ƏSƏD CAHANGİR – SÖZÜN, DÜŞÜNCƏNİN VƏ ƏDƏBİ TƏFƏKKÜRÜN CAHANGİRİ
Ədəbiyyatın inkişafında elə şəxsiyyətlər var ki, onlar yalnız bədii əsərlər yaratmaqla kifayətlənmir, həm də sözün mahiyyətini araşdırır, ədəbi fikrin istiqamətini müəyyənləşdirir, ayrı-ayrı sənətkarların yaradıcılığına yeni düşüncə müstəvisindən yanaşırlar. Belə qələm sahiblərinin fəaliyyəti ədəbiyyatın həm yaradıcı, həm də elmi-nəzəri tərəfinin zənginləşməsinə xidmət edir. Esad Cahangir də müasir Azərbaycan ədəbi mühitində bu xüsusiyyətləri ilə seçilən, özünəməxsus düşüncə tərzi, analitik təfəkkürü və fərqli mühakimələri ilə diqqət çəkən ziyalılardandır.
Əsəd Cahangir 1966-cı il iyunun 25-də Beyləqan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alaraq 1992-ci ildə fərqlənmə diplomu ilə ali məktəbi bitirib. 1993-cü ildən etibarən mətbuat və ədəbi mühitlə sıx bağlı olan fəaliyyəti onun peşəkar jurnalist, ədəbiyyatşünas və tənqidçi kimi formalaşmasında mühüm rol oynayıb. Müxtəlif mətbu orqanlarda çalışıb, ədəbi tənqid və publisistika sahəsində ardıcıl çıxış edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan müəllif hazırda Bakıda yaşayır və ədəbi fəaliyyətini davam etdirir. O, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə də rəhbərlik edir.
Əsəd Cahangirin yaradıcılıq yolu bir istiqamətlə məhdudlaşmır. O, ədəbi tənqidçi, esseist, şair, publisist və ədəbiyyatşünas kimi müxtəlif sahələrdə fəaliyyət göstərir. Onun yazılarında bədii mətnə yalnız süjet, obraz və hadisələr toplusu kimi baxılmır. Müəllif əsərin arxasında dayanan fəlsəfi düşüncəni, insanın mənəvi aləmini, tarixi yaddaşı, milli-mədəni dəyərləri və ümumbəşəri problemləri araşdırmağa çalışır. Bu baxımdan onun tənqidi yazıları adi rəy və qiymətləndirmə çərçivəsindən çıxaraq müstəqil düşüncə və təhlil nümunəsinə çevrilir.
Əsəd Cahangirin indiyədək nəşr olunmuş kitabları onun yaradıcılıq maraqlarının genişliyini, ədəbi-estetik baxışlarının inkişafını və düşüncə dünyasının müxtəlif qatlarını əks etdirir. “Qədim türk ədəbiyyatının linqvistik poetikası” (2001), “Ağ saç, qara saç” (2006), “Kim yatmış, kim oyaq?” (2012), “On üçüncü gecə” (2016), “Dionisin şərəfinə” (2022) və “Kölgə işıqdan düşür” (2026) müəllifin fərqli dövrlərdəki elmi, tənqidi, publisistik və bədii axtarışlarının nəticəsidir.
Bu kitabların hər biri onun yaradıcılığında müəyyən bir mərhələni, mövzu və düşüncə istiqamətini təmsil edir. İlk nəşrlərdən başlayaraq müəllifin sözün dil, məna və poetik imkanlarına marağı, ədəbiyyatın nəzəri əsaslarına diqqəti aydın görünür. Sonrakı kitablarında isə bu maraq daha geniş fəlsəfi, estetik və mənəvi müstəviyə keçir. Əsəd Cahangirin yaradıcılığını fərqləndirən cəhətlərdən biri də ayrı-ayrı əsərlərə yalnız dövrün ədəbi meyarları ilə deyil, daha geniş mədəniyyət və düşüncə kontekstində yanaşmasıdır.
Bu kitablar arasında üç nəşr xüsusi diqqətə layiqdir: “Kölgə işıqdan düşür”, “Sözün Cahangiri” və “On üçüncü gecə”. Bu əsərlər bir-birindən məzmun və təyinat baxımından fərqlənsə də, birlikdə Əsəd Cahangirin şəxsiyyətini, yaradıcılıq dünyasını və ədəbi mühitdəki mövqeyini daha dərindən anlamağa imkan verir.Əsəd Cahangirin 2026-cı ildə “Zərdabi Nəşr” MMC-də çapdan çıxmış “Kölgə işıqdan düşür” kitabı onun yaradıcılığının mühüm mərhələlərindən birini təşkil edir. 430 səhifədən ibarət olan nəşrin ön söz müəllifi akademik Nizami Cəfərov, redaktoru isə İradə Ayteldir. Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı seçilmiş esse və məqalələri, həmçinin üç poeması toplanıb. Bu faktın özü nəşrin janr və məzmun baxımından rəngarəngliyini göstərir. Burada bir tərəfdən ədəbi-tənqidi təhlil, digər tərəfdən fəlsəfi mühakimə və poetik ifadə imkanları bir araya gəlir.
Kitabın adı ilk baxışdan oxucunu düşündürür. “Kölgə işıqdan düşür” ifadəsi sadəcə poetik obraz deyil, həm də fəlsəfi məna daşıyan düşüncə formasıdır. İşıq və kölgə insanın həyatında, təbiətdə, mənəvi dünyasında daim qarşılıqlı münasibətdə olan anlayışlardır. Kölgənin mövcudluğu işığın varlığını təsdiqləyir. Bu baxımdan kitabın adı oxucunu görünənlə görünməyən, zahiri ilə daxili, həqiqətlə onun dərk olunması arasındakı münasibətlər barədə düşünməyə sövq edir. Burada müəllifin ad seçimi ilə məzmun arasında fəlsəfi bağlılıq görmək mümkündür.
Nəşrdəki esse və məqalələrin əsas məziyyətlərindən biri klassik irslə müasir düşüncə arasında əlaqə yaratmaq cəhdidir. Əsəd Cahangir ədəbi hadisələrə yalnız öz dövrünün sərhədləri daxilində yanaşmır. O, klassik ədəbiyyatın yaratdığı mənəvi-estetik təcrübəni müasir insanın düşüncə və duyğuları ilə əlaqələndirməyə çalışır. Bu yanaşma oxucunun diqqətini əsərin zahiri məzmunundan onun dərin mənalarına yönəldir.
Kitabda dünya ədəbi-fəlsəfi ənənəsi ilə milli bədii fikrin qarşılıqlı əlaqəsi də mühüm yer tutur. Müəllifin maraq dairəsi yalnız Azərbaycan ədəbiyyatı ilə məhdudlaşmır. O, müxtəlif mədəniyyətlərin, fəlsəfi məktəblərin və mənəvi dünyagörüşlərinin yaratdığı düşüncə təcrübəsindən bəhrələnir. Lakin bu müraciət milli ədəbi düşüncədən uzaqlaşmaq məqsədi daşımır. Əksinə, dünya təcrübəsi vasitəsilə milli ədəbiyyatın dəyər və imkanlarını daha geniş müstəvidə anlamaq cəhdi kimi diqqəti çəkir.
Nəşrin mühüm xüsusiyyətlərindən biri də müqəddəs səmavi kitablarla dialoq üzərində qurulan yazıların yer almasıdır. Bu məqam müəllifin dini-mənəvi məsələlərə, insanın əxlaqi məsuliyyətinə, xeyir və şər anlayışlarına, mənəvi kamillik axtarışlarına marağını göstərir. Burada din yalnız inanc sistemi kimi deyil, həm də bəşər düşüncəsinin, mənəvi yaddaşın və əxlaqi dəyərlərin mühüm qaynağı kimi nəzərdən keçirilir. Müəllif oxucunu hazır hökmlərlə deyil, düşünmək və mənanı axtarmaq yolu ilə həqiqətə yaxınlaşmağa çağırır. “Kölgə işıqdan düşür” kitabında sənət və həyat münasibətlərinin də xüsusi yeri var. Ədəbiyyatın həyatla əlaqəsi, sənətkarın cəmiyyət qarşısında məsuliyyəti, bədii sözün insan düşüncəsinə təsiri kimi məsələlər müəllifin maraq dairəsindədir. Əsəd Cahangirin yanaşmasında sənət yalnız gözəllik yaratmaq vasitəsi deyil, həm də insanı öz daxili aləmi, mənəvi seçimləri və həyat həqiqətləri ilə üz-üzə qoyan qüvvədir.
Kitabın dili və üslubu da diqqətəlayiqdir. Nəşr haqqında təqdimat məlumatında müəllifin canlı xalq dilinə və zəngin metaforik üsluba söykəndiyi xüsusi vurğulanır. Bu xüsusiyyət onun mürəkkəb fəlsəfi fikirləri bədii ifadə vasitələri ilə çatdırmaq istəyində özünü göstərir. Metaforalar burada yalnız nitqi bəzəmir, fikrin dərinləşməsinə, obrazlı düşüncənin yaranmasına xidmət edir. Üç poemanın esse və məqalələrlə eyni kitabda toplanması da müəllifin analitik və poetik təfəkkürünün bir-birini tamamladığını göstərir.
Məncə, “Kölgə işıqdan düşür” Əsəd Cahangirin yalnız əvvəlki yazılarının bir araya gətirildiyi toplu deyil. Bu kitab onun uzun illər ərzində formalaşmış ədəbi-estetik baxışlarının, fəlsəfi axtarışlarının və sözə münasibətinin ümumiləşmiş ifadəsi kimi dəyərləndirilə bilər. Müəllif burada oxucunu hadisələrin zahiri tərəfi ilə kifayətlənməməyə, görünənin arxasındakı mənanı axtarmağa, işığın haradan gəldiyini və kölgənin nəyi anlatdığını düşünməyə dəvət edir.
“Sözün Cahangiri” – bir sənətkar ömrünə verilən kollektiv ədəbi qiymətdir. Əsəd Cahangirin 60 illik yubileyi münasibətilə 2026-cı ildə nəşr olunmuş “Sözün Cahangiri” kitabı əvvəlki nəşrdən tamamilə fərqli məzmun və təyinat daşıyır. 408 səhifəlik bu toplu onun şəxsi əsərlərindən ibarət deyil. Kitabda elm, ədəbiyyat və incəsənət xadimlərinin Əsəd Cahangirin həyat və yaradıcılığına həsr etdikləri məqalələr, şeirlər, təbriklər və müsahibələr yer alıb. Nəşrin redaktoru və tərtibatçısı İradə Ayteldir.
Bu kitabın əhəmiyyəti ondadır ki, burada bir insanın öz yaradıcılığı haqqında dedikləri deyil, onunla eyni ədəbi-mədəni mühiti bölüşən insanların düşüncələri və qənaətləri toplanıb. Başqa sözlə, Əsəd Cahangirin şəxsiyyəti və yaradıcılığı müxtəlif baxış bucaqlarından təqdim olunur. Belə toplular sənətkarın keçdiyi yolun, ədəbi fəaliyyətinin və ictimai münasibətlərinin ümumiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Sözün Cahangiri” adının özü də maraqlı məna çalarlarına malikdir. Burada müəllifin soyadı ilə söz anlayışı birləşərək həm fərdi imzanı, həm də söz sənətinə bağlılığı ifadə edir. Əsəd Cahangirin yaradıcılıq fəaliyyətinin mərkəzində söz dayanır. O, sözün yalnız ifadə vasitəsi deyil, düşüncənin, yaddaşın, mənəvi dəyərlərin və bədii həqiqətin daşıyıcısı olduğunu öz yazılarında müxtəlif formalarda göstərməyə çalışır. Bu baxımdan kitabın adı yubilyarın yaradıcılıq kimliyinə uyğun seçilmiş uğurlu ifadə təsiri bağışlayır.
Toplunun diqqətçəkən tərəflərindən biri onun müxtəlif sahələrin nümayəndələrini bir araya gətirməsidir. Alimlərin elmi yanaşması, yazıçı və şairlərin bədii münasibəti, sənət adamlarının şəxsi müşahidələri, dost və həmkarların xatirələri bir şəxsiyyətin fərqli cəhətlərini üzə çıxarır. Bu müxtəliflik kitabın məzmununu zənginləşdirir. Çünki insanı yalnız bir sahədəki fəaliyyəti ilə deyil, müxtəlif mühitlərdə yaratdığı təəssürat və münasibətlərlə də tanımaq mümkündür.
Kitabda Əsəd Cahangirin ədəbi-tənqidi və poetik yaradıcılığının, Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafındakı xidmətlərinin işıqlandırılması xüsusi əhəmiyyət daşıyır. Onun ədəbi prosesə münasibəti, ayrı-ayrı sənətkarların yaradıcılığına verdiyi qiymət, nəzəri-estetik düşüncəsi və sözə tələbkarlığı haqqında müxtəlif fikirlər oxucuya təqdim olunur. Beləliklə, toplu yalnız yubiley münasibətilə hazırlanmış təbrik kitabı təsiri bağışlamır, eyni zamanda müasir Azərbaycan ədəbi mühitinin müəyyən bir dövrünə dair fikir və münasibətləri qoruyan sənədli-mədəni mənbə xarakteri qazanır.
Bu nəşrin başqa bir əhəmiyyəti də odur ki, o, Əsəd Cahangirin yaradıcılığını gələcək tədqiqatçılar üçün müxtəlif qiymətləndirmələr və yanaşmalar müstəvisində təqdim edir. Bir sənətkar haqqında müxtəlif insanların yazdıqları fikirlər onun yaradıcılığına dair ümumi təsəvvür yaratmaqla yanaşı, həmin sənətkarın dövrün ədəbi həyatında tutduğu yeri də anlamağa kömək edir.
Əlbəttə, hər bir yubiley nəşri kimi, bu kitab da ehtiram və təbrik duyğularını ifadə edir. Lakin onun dəyərini yalnız bu hisslərlə məhdudlaşdırmaq düzgün olmazdı. Əsas məsələ müxtəlif müəlliflərin Əsəd Cahangirin ədəbi fəaliyyətinə münasibət bildirməsi, onun yaradıcılıq istiqamətlərini təhlil etməsi və gördüyü işlərə öz baxışlarından qiymət verməsidir. Bu baxımdan “Sözün Cahangiri” bir ziyalı ömrünün ədəbi salnaməsi, həmkar və müasirlərinin düşüncələrində əks olunan portreti kimi maraq doğurur.
Mənim qənaətimcə, bu kitab Əsəd Cahangirin özünün yazdığı əsərlər qədər onun haqqında yazılanların da əhəmiyyətini göstərir. Çünki sənətkarın yaradıcılığı onun qələmindən çıxan əsərlərlə, şəxsiyyətinə və fəaliyyətinə verilən qiymət isə zamanın və müasirlərinin münasibəti ilə tamamlanır.
Əsəd Cahangirin 2016-cı ildə “Təhsil” nəşriyyatında çap etdirdiyi “On üçüncü gecə” kitabı onun ədəbi-tənqidçilik fəaliyyətində xüsusi yer tutur. 157 səhifədən ibarət olan bu nəşr Xalq yazıçısı Elçin Əfəndiyevin yaradıcılığına həsr olunub. Kitaba müəllifin müxtəlif vaxtlarda dövri mətbuatda dərc edilmiş, Elçinin ayrı-ayrı bədii əsərləri və məqalələri haqqında yazdığı tənqidi məqalələr daxil edilib. Nəşr təqdim olunduğu zaman Əsəd Cahangirin dördüncü kitabı kimi təqdim edilmişdi.
Bu kitabın adından başlamaq, məncə, onun ideya istiqamətini anlamaq baxımından maraqlıdır. “On üçüncü gecə” ifadəsi ilk baxışda sirli, hətta müəyyən mənada qeyri-adi təsir bağışlayır. Gecə anlayışı insan təfəkküründə qaranlıq, naməlumluq, axtarış və daxili düşüncə ilə əlaqələndirilir. On üç rəqəmi isə müxtəlif mədəniyyətlərdə fərqli yozumlara malikdir. Əsəd Cahangir bu adın mənasını təsadüfi seçim kimi deyil, müəyyən fəlsəfi və mədəni işarələr sistemi daxilində izah edir.
Kitabın nəşri münasibətilə verdiyi müsahibədə müəllif gecə və qaranlığın mütləq mənada mənfi anlayışlar olmadığını bildirir. Onun fikrincə, işıq qaranlıqdan, gündüz gecədən doğur. O, on üç rəqəminin nəhsliyi barədə təsəvvürləri də xurafat hesab edir və bu rəqəmi dini-mədəni ənənələrdəki müxtəlif simvolik münasibətlərlə əlaqələndirir. Beləliklə, kitabın adı oxucunu ilk andan etibarən adi təsəvvürlərdən kənara çıxmağa və simvolların arxasında dayanan mənaları araşdırmağa çağırır.
Lakin kitabın əsas məzmununu müəyyənləşdirən başlıca məsələ Elçin yaradıcılığına münasibətdir. Əsəd Cahangir bu kitabda görkəmli yazıçının əsərlərini tənqidçi gözü ilə araşdırır, onların ideya-bədii xüsusiyyətlərini, obrazlar sistemini, fəlsəfi məzmununu və sənətkarlıq imkanlarını təhlil edir. Burada məqsəd yalnız əsərlərin məzmununu nəql etmək və ya müəllifin yaradıcılığına ümumi tərif vermək deyil. Əsas məqsəd bədii mətnin daxili mexanizmini açmaq, onun görünən və görünməyən qatları arasında əlaqəni müəyyənləşdirməkdir.
Əsəd Cahangirin tənqidçi kimi üstün cəhətlərindən biri bədii əsəri müxtəlif düşüncə sistemləri ilə əlaqəli şəkildə araşdırmağa çalışmasıdır. O, yazıçının yaratdığı obrazların davranışını, hadisələrin inkişafını, əsərin ideya yükünü və müəllif mövqeyini bir-birindən təcrid olunmuş şəkildə nəzərdən keçirmir. Bütün bunları vahid bədii sistemin tərkib hissələri kimi dəyərləndirir. Bu yanaşma oxucunu əsərin yalnız nə haqqında olduğunu deyil, müəllifin nə demək istədiyini və hansı bədii vasitələrlə bu fikri ifadə etdiyini anlamağa yönəldir.
Elçin Azərbaycan nəsrinin, dramaturgiyasının və ədəbi fikrinin görkəmli nümayəndələrindəndir. Onun yaradıcılığı müxtəlif dövrlərin ictimai-mənəvi problemlərini, insan xarakterinin mürəkkəbliyini, cəmiyyət və fərd münasibətlərini özündə əks etdirir. Belə zəngin yaradıcılıq irsinin təhlili tənqidçidən həm geniş ədəbiyyat bilgisi, həm də müstəqil mühakimə qabiliyyəti tələb edir. Əsəd Cahangirin bu mövzuya müraciəti onun müasir Azərbaycan ədəbiyyatının aparıcı simalarının yaradıcılığına xüsusi diqqət yetirdiyini göstərir.
Kitabın əhəmiyyətini artıran cəhətlərdən biri də məqalələrin müxtəlif vaxtlarda yazılmasıdır. Bu, oxucuya tənqidçinin ayrı-ayrı dövrlərdə Elçin yaradıcılığına necə yanaşdığını, hansı məsələlərə diqqət yetirdiyini və düşüncələrinin hansı istiqamətdə inkişaf etdiyini izləmək imkanı verir. Belə toplular həm yazıçının yaradıcılığının öyrənilməsi, həm də ədəbi tənqidin özünün inkişaf xüsusiyyətlərinin araşdırılması baxımından əhəmiyyətlidir.
Məncə, “On üçüncü gecə” kitabının əsas dəyəri onun tənqidçi ilə yazıçı arasında qurduğu intellektual dialoqdadır. Burada bir sənətkarın yaradıcılığı digər bir sənətkarın düşüncə və təhlil süzgəcindən keçirilir. Bu dialoqda həm razılaşma, həm sual, həm də fərqli yozum imkanları mövcuddur. Ədəbi tənqidin inkişafı da məhz belə müstəqil düşüncə və müzakirə mühitindən qidalanır. Əsəd Cahangir bu kitabı ilə oxucunu hazır qənaətlərlə kifayətlənməməyə, bədii mətnə daha diqqətli və dərindən yanaşmağa sövq edir.
“Kölgə işıqdan düşür”, “Sözün Cahangiri” və “On üçüncü gecə” kitablarını bir arada nəzərdən keçirdikdə onların hər birinin fərqli məqsəd daşıdığı aydın görünür. Birinci kitab Əsəd Cahangirin özünün fəlsəfi, ədəbi-tənqidi və poetik düşüncəsini əks etdirir. İkinci kitab onun şəxsiyyətinə və yaradıcılığına başqalarının münasibətini, verdikləri qiyməti təqdim edir. Üçüncü kitab isə onun konkret bir sənətkarın – Elçin Əfəndiyevin yaradıcılığına yönəlmiş tənqidçi mövqeyini nümayiş etdirir.
Bu üç nəşri birləşdirən əsas xətt sözdür. “Kölgə işıqdan düşür”də söz düşüncənin və mənəvi axtarışın ifadəsinə çevrilir. “Sözün Cahangiri”ndə söz bir ziyalının ömrünü, yaradıcılığını və ictimai mövqeyini dəyərləndirən vasitə kimi çıxış edir. “On üçüncü gecə”də isə söz bədii əsərin mahiyyətini açan, onun ideya-estetik xüsusiyyətlərini üzə çıxaran tənqidi alətə çevrilir.
Bu baxımdan kitablar arasında maraqlı bir məna əlaqəsi yaranır ki, birində müəllif özü danışır, digərində onun haqqında danışırlar, üçüncüsündə isə o, başqa bir sənətkarın söz dünyasını araşdırır. Beləliklə, üç kitab bir şəxsiyyətin müxtəlif tərəflərini göstərən üç ayrı ədəbi güzgü təsiri bağışlayır.
Əsəd Cahangirin yaradıcılığında diqqəti çəkən mühüm xüsusiyyətlərdən biri də onun ədəbiyyata münasibətində düşüncəyə üstünlük verməsidir. O, bədii mətnin yalnız emosional təsir imkanları ilə kifayətlənmir, onun arxasında dayanan fəlsəfi və mənəvi məzmunu da araşdırır. Bu yanaşma bəzən oxucudan müəyyən hazırlıq və diqqət tələb edir. Çünki müəllifin yazılarında bir fikir başqa bir fikrə, bir obraz başqa bir məna qatına keçid yarada bilir. Bu mürəkkəb düşüncə yolu onun yaradıcılığının fərqləndirici cəhətlərindəndir.
Əsəd Cahangirin ədəbi fəaliyyəti yalnız kitabları ilə məhdudlaşmır. Onun dövri mətbuatda dərc olunan məqalələri, müsahibələri, ədəbi prosesə dair çıxışları və müxtəlif sənətkarların yaradıcılığı haqqında araşdırmaları müasir Azərbaycan tənqidinin inkişafı baxımından diqqətəlayiqdir. O, ədəbiyyatın ayrı-ayrı hadisələrinə münasibət bildirərkən öz mövqeyini əsaslandırmağa, bədii mətnin məna və sənətkarlıq xüsusiyyətlərini açmağa çalışır.
Müəllifin xidmətləri müxtəlif mükafatlarla da qiymətləndirilib. O, “Qızıl Kəlmə” ədəbi mükafatına və 2013-cü ildə Yaşar Qarayev adına ən yaxşı tənqidi və publisistik əsər mükafatına layiq görülüb. Bu təltiflər onun ədəbi-tənqidi və publisistik fəaliyyətinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.
Əsəd Cahangirin yaradıcılığında milli ədəbi irsə bağlılıqla dünya ədəbi-fəlsəfi düşüncəsinə maraq yanaşı mövcuddur. O, klassik irsi yalnız keçmişin qiymətli yadigarı kimi deyil, bu günün insanı ilə danışa bilən canlı mənəvi mənbə kimi dəyərləndirir. Müasir ədəbi prosesə münasibətində də bu yanaşmanın izlərini görmək mümkündür. Onun üçün ədəbiyyat zamanın dəyişən hadisələrindən kənarda dayanan bir sahə deyil; əksinə, cəmiyyətin, insanın və mənəvi dünyanın dəyişməsini izləyən, bu dəyişikliklərə münasibət bildirən düşüncə məkanıdır.
Əsəd Cahangirin həyat və yaradıcılıq yoluna nəzər saldıqda aydın olur ki, o, ədəbiyyatın müxtəlif sahələrində öz sözünü deməyə çalışan, yaradıcılığını davamlı axtarışlar üzərində quran qələm sahibidir. Beyləqanda başlayan həyat yolu Bakının ədəbi-mədəni mühitində davam edib və onu müasir Azərbaycan ədəbi fikrinin tanınan nümayəndələrindən birinə çevirib.
Onun kitabları arasında apardığımız təhlil göstərir ki, Əsəd Cahangir üçün söz sadəcə yazı vasitəsi deyil. Söz həm düşüncənin başlanğıcı, həm mənəvi axtarışın ifadəsi, həm də insanın dünyanı dərk etmək cəhdidir. “Kölgə işıqdan düşür” bu axtarışın fəlsəfi və poetik tərəflərini, “Sözün Cahangiri” onun yaradıcılığına verilən ictimai-ədəbi qiyməti, “On üçüncü gecə” isə tənqidçi təfəkkürünün konkret bir sənətkarın yaradıcılığı üzərindəki təzahürünü nümayiş etdirir.
Mənim qənaətimcə, Əsəd Cahangirin yaradıcılığını səciyyələndirən əsas cəhət onun oxucunu düşünməyə sövq etmək istəyidir. O, hər zaman asan cavablar verməyə çalışmır; bəzən sual yaradır, bəzən məlum həqiqətə fərqli tərəfdən baxmağı təklif edir, bəzən də oxucunu bir fikrin dərinliklərinə doğru aparır. Bu isə ədəbi sözün ən mühüm missiyalarından biridir.
Əsl qələm sahibinin böyüklüyü yalnız yazdığı kitabların sayı ilə deyil, oxucuda oyatdığı düşüncələrin miqyası ilə ölçülür. Əsəd Cahangirin yaradıcılıq yolu da məhz bu baxımdan diqqətə layiqdir. Onun sözə, ədəbiyyata və düşüncəyə münasibəti gələcəkdə də araşdırılmağa, müzakirə olunmağa və dəyərləndirilməyə layiq bir ədəbi irsdir.
Sevil Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi.
Filoloq. AJB, AYB-nin üzvü
23.11.2026