İNSANLIĞIN QİYMƏTİ, MƏNƏVİYYATIN ÖMRÜ

YAZARLAR 10:23 / 24.11.2026 Baxış sayı: 177

 

 

 

Tanınmış yazıçı-jurnalist, istedadlı publisist  Rəfiqə Sadıqovanın “Sözüm sizədir” kitabı haqqında

 

İnsan var, ömrünü yaşayır, insan da var, yaşadığı ömrün mənasını başqalarına anlatmağa çalışır. Birincinin həyatı özünə çatır, ikincinin sözü isə başqalarının qəlbinə yol tapır. Əslində, yazıçının, jurnalistin, publisistin, söz adamının məsuliyyəti elə buradan başlayır. Söz danışmaq, yazmaq, fikrini ifadə etməklə yanaşı, həmçinin bir ömrün hesabatı, bir insanın mənəvi dünyasının aynasıdır.

Gəncədə yaşayıb-yaradan tanınmış yazıçı-jurnalist, istedadlı publisist, 3 roman müəllifi  Rəfiqə Sadıqovanın “Sözüm sizədir” kitabını vərəqləyəndə adamı ilk növbədə bu düşüncələr müşayiət edir. Kitabın adı da elə-belə seçilməyib. Burada müəllifin sözü kiməsə ünvanlanmış adi müraciət deyil, cəmiyyətə, ailəyə, valideynə, övlada, bir sözlə, insanlığın taleyinə ünvanlanmış mənəvi çağırışdır.

Mənəviyyat haqqında danışmaq asandır. Çətin olan onu yaşamaqdır. İnsanın cibində nə qədər pulu, evində nə qədər var-dövləti olursa-olsun, ürəyində mərhəmət yoxdursa, deməli, nəyisə çoxdan itirib. Gözəl bilir və anlayırıq ki, insanın varlılığı mal-mülkdən çox mənəvi zənginliyi ilə ölçülür. Rəfiqə Sadıqova kitabında da məhz həmin həqiqət müxtəlif həyat hadisələri, müşahidələri və düşündürücü qeydləri vasitəsilə oxucunun diqqətinə çatdırıb.

Kitabın əsas məziyyəti ondadır ki, müəllif böyük mənəvi problemləri kiçik həyat hadisələrinin içərisində axtarır. O, uzaqlara getmir, insanın özünə, ailəsinə, gündəlik davranışına baxır. Axı mənəviyyat elə buradan başlayır. Anaya münasibətdən, atanın zəhmətinə verilən qiymətdən, övladın tərbiyəsindən, qonşuya göstərilən ehtiramdan, halal çörəyin qədrini bilməkdən...

Rəfiqə xanımın anasına həsr etdiyi “Ana” adlı elegiyası bu baxımdan xüsusi təsir gücünə malikdir. Ana mövzusu Azərbaycan insanının mənəvi yaddaşında həmişə müqəddəs yer tutub. Ana haqqında danışanda insanın səsi istər-istəməz dəyişir. Çünki ana təkcə dünyaya gətirən deyil, həm də insanın ilk müəllimi, ilk mənəviyyat məktəbidir. Onun duası, qayğısı, zəhməti övladın ömrü boyu daşıdığı mənəvi sərvətdir.

Ananın qədrini bilmək üçün onun dünyadan köçməsini gözləmək lazım deyil. O, sağ ikən başının üstündə olmaq, səsini eşitmək, bir xoş sözünü əsirgəməmək lazımdır. Müəllifin “Yəqin əlim dəyib...” essesində toxunduğu məsələ də elə budur. Övladının bir telefon zənginə belə möhtac qalan ana, zəng edəndə isə “qısa danış, vaxtım azdır” cavabını eşidən ana... Adam bu mənzərəni oxuyanda istər-istəməz düşünür: Görəsən, insan nə vaxt bu qədər dəyişir? Onu böyüdən, gecələr yuxusuz qalan, bir tikə çörəyini onunla bölən ananın səsi niyə bir gün ona artıq vaxt itkisi kimi görünür?

Bax, mənəvi aşınma elə buradan başlayır. İnsan anasının qədrini bilmirsə, başqasının qədrini necə biləcək? Öz kökünü unudan ağacın budaqları nə qədər yaşıllaşa bilər?

Müəllifin diqqət yetirdiyi digər mühüm məsələ ailə və övlad tərbiyəsidir. “Sonrakı peşmanlıq” essesində Rəfiqə Sadıqova valideynlərin övladlarının təlim-tərbiyəsinə münasibətini ciddi şəkildə gündəmə gətirir. Bu gün valideynlərin çoxu övladının gələcəyi üçün çalışdığını deyir. Amma gələcək yalnız yaxşı geyim, bahalı telefon, rahat ev və yüksək təhsil haqqı ilə qurulmur. Uşağa ayrılan vaxt, onunla aparılan söhbət, davranışına göstərilən diqqət, mənəvi tərbiyəsinə verilən önəm də gələcəyin bir parçasıdır.

Uşaq valideynin dediyindən çox etdiyini öyrənir. Ona dürüst olmağı söyləyib özümüz yalan danışırıqsa, böyüyə hörməti öyrədib özümüz böyüklərə ehtiram göstərmiriksə, hansı tərbiyədən danışırıq? Övladın əlinə kitab verməklə iş bitmir, onun qəlbinə də insanlıq toxumu səpmək lazımdır.

Müəllifin narahatlığı da məhz budur: bugünkü laqeydlik sabahın böyük peşmanlığına çevrilə bilər. Uşağın tərbiyəsi sabaha saxlanılan iş deyil. Çünki zamanın geri dönmək kimi bir xasiyyəti yoxdur. Bu gün göstərilməyən diqqəti sabah hansı var-dövlətlə əvəz etmək mümkündür?

“İctimai qınaq işə yarayırmı?!” essesində müəllif cəmiyyətin mənəvi həyatında mühüm rol oynayan ictimai qınaq institutunu gündəmə gətirir. Rəfiqə Sadıqova ənənəvi dəyərlərlə müasir düşüncə arasında yaranan ziddiyyətlərə diqqət çəkir. Onun qənaətinə görə, ictimai qınağın zəifləməsi, insanların başqasının davranışına qarşı məsuliyyətsiz və laqeyd münasibəti cəmiyyətin mənəvi tarazlığını poza bilər. Əlbəttə, ictimai qınaq təhqirə, alçaltmağa, insanın şəxsi hüquqlarına müdaxiləyə çevrilməməlidir. Ancaq milli-mənəvi dəyərləri, ictimai ədəb-ərkanı qorumaq naminə sağlam ictimai mövqenin olması vacibdir. Müəllifin toxunduğu əsas məsələ də budur: cəmiyyət öz dəyərlərinə sahib çıxmasa, onları kim qoruyacaq? Bu yazı oxucunu həm öz davranışına, həm də yaşadığı mühitə münasibətinə görə düşünməyə çağırır.

R.Sadıqovanın “Ayırma bizi” hekayəsi təbiətin dili ilə insan duyğularını ifadə etməsi baxımından diqqətəlayiqdir. Müəllif Kəpəz dağını və buludu təkcə təbiət mənzərəsinin iki ünsürü kimi deyil, biri-birinə qovuşmaq, biri-birindən ayrılmamaq istəyən iki sevən varlıq kimi canlandırır. Bu obrazlı yanaşma hekayəyə poetik ruh, romantik ovqat və özünəməxsus bədii çalar verir.

Əsərin başlıca məziyyəti məhəbbəti adi hiss çərçivəsindən çıxararaq sədaqət, bağlılıq və ayrılığa üsyan mənasına yüksəltməsidir. Kəpəzlə buludun münasibətində insan sevgisinin də izlərini görürük. Sanki müəllif demək istəyir ki, həqiqi məhəbbət məsafə tanımır, ayrılığa boyun əymir, zamanın sınağından keçərək yaşayır. Hekayənin təbiət təsvirləri ilə mənəvi duyğuları birləşdirməsi oxucuda həm estetik zövq, həm də duyğusal düşüncə yaradır.

Bu əsər bir daha göstərir ki, sevgi yalnız iki insanın qəlbində yaşanan hiss deyil; o, bəzən bir dağın zirvəsində, bir buludun kölgəsində, təbiətin əbədi ahəngində də özünə yuva sala bilir.

“Sözüm sizədir” kitabında milli-mənəvi dəyərlərimizə münasibət də xüsusi yer tutur. Xalqımızın əsrlər boyu yaşatdığı adət-ənənələr, ailə bağları, böyüyə hörmət, kiçiyə qayğı, mərhəmət, dürüstlük və ədalət müəllifin diqqət mərkəzindədir. Rəfiqə Sadıqova bu dəyərləri təkcə keçmişin yadigarı kimi təqdim etmir. Onların bugünkü həyatımızda da yaşamasının vacibliyini vurğulayır.

Axı ənənə o demək deyil ki, biz keçmişdə qalaq. Ənənə kökdür, gələcək isə budaq. Kökü qorumaqla budağı böyütmək lazımdır. Müasir həyatın yeniliklərindən bəhrələnmək, dünyaya açılmaq, inkişaf etmək vacibdir. Ancaq bütün bunları edərkən öz mənəvi kimliyimizi itirməməliyik. Dilimiz, ailə dəyərlərimiz, böyüklərimizin bizə miras qoyduğu əxlaq normaları bizim kimliyimizin ayrılmaz hissəsidir.

Müəllifin “Dəmir yumruq” essesi Ermənistanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması vandalizminə həsr olunub. Müəllif  bu hadisəni, sadəcə, idman tədbiri çərçivəsində baş vermiş xoşagəlməz insident kimi deyil, milli rəmzlərimizə, dövlətçiliyimizə və xalqımızın mənəvi dəyərlərinə qarşı yönəlmiş təxribat kimi təqdim edir.

Essedə bayrağın yandırılması barbarlığın, dözümsüzlüyün və siyasi nifrətin təzahürü kimi qiymətləndirilir. Müəllif oxucunun diqqətini bir mühüm həqiqətə yönəldir: bayraq yalnız bir dövlətin atributu deyil, xalqın tarixi, şərəfi, müstəqilliyi və milli qürurunun rəmzidir. Ona qarşı hörmətsizlik bütöv bir xalqa qarşı hörmətsizlikdir.

“Dəmir yumruq” adının özü də rəmzi məna daşıyır. Bu ifadə Azərbaycan xalqının milli birliyini, iradəsini, dövlətçilik əzmini və özünə qarşı yönələn təxribatlara qətiyyətli münasibətini ifadə edir. Rəfiqə Sadıqova baş verən hadisəni cəmiyyətə təqdim etməklə oxucuda milli təəssübkeşlik, vətənpərvərlik və dövlət rəmzlərinə ehtiram hisslərini gücləndirməyə çalışır. Əsərin əsas mesajı aydındır: Bayrağa hörmət xalqa hörmətdir, milli qürurun müdafiəsi isə hər bir vətəndaşın mənəvi borcudur.

Kitabın diqqətçəkən xüsusiyyətlərindən biri də müəllifin hadisələrə biganə qalmamasıdır. Rəfiqə xanım gördüyünü, eşitdiyini, müşahidə etdiyini qələmə alır. Onun yazılarında süni nəsihətçilikdən daha çox həyatın özünün danışan dili duyulur. Jurnalist təcrübəsi və müşahidəsi də burada özünü göstərir. Çünki jurnalist cəmiyyətin nəbzini tutmağı bacarmalıdır. O, yalnız baş verən hadisə ilə bərabər onun arxasında dayanan insan taleyini də görməlidir.

Bu baxımdan “Sözüm sizədir” təkcə esselər və hekayələr toplusu deyil, həm də mənəvi düşüncəyə çağırışdır. Müəllif oxucunu kimisə mühakimə etməyə yox, ilk növbədə özünə nəzər salmağa səsləyir. Özümüzə sual verək: Anamızın qədrini bilirikmi? Övladımıza nəyi miras qoyuruq? Sözümüzlə əməlimiz bir-birinə uyğundurmu? Başqasının haqqına hörmət edirikmi? İnsan adını daşımağa nə dərəcədə layiqik?

Mənə elə gəlir ki, kitabın ən mühüm mənəvi qayəsi də bu suallarda gizlənir. Çünki cəmiyyətin mənəvi sağlamlığı ayrı-ayrı insanların vicdanından başlayır. Ailə sağlamdırsa, cəmiyyətin də sağlamlaşmasına zəmin yaranır. Valideyn övladına düzgün tərbiyə verirsə, gələcəyin insanını yetişdirir. İnsan öz vicdanını qoruyursa, yaşadığı mühitə də yaxşılıq gətirir.

Yazıçı-jurnalist R.Sadıqovanın qələmində sözün bir başqa məsuliyyəti də var: o, oxucunu düşündürür. Böyük həqiqətləri bəzən uzun-uzadı izah etməyə ehtiyac yoxdur. Bir ana zəngi, bir övlad laqeydliyi, bir ailə söhbəti, bir unudulmuş mənəvi borc kifayət edir ki, insan öz həyatına başqa gözlə baxsın. Müəllifin lakonik, anlaşıqlı və səmimi ifadə tərzi də bu təsiri gücləndirir.

Sonda bir həqiqəti xüsusi vurğulamaq istəyirəm: mənəvi dəyərləri qorumaq onları xatırlamaqla yanaşı gündəlik həyatımızda da yaşatmaqdır. Anaya hörmət, ataya ehtiram, övlada qayğı, dostluğa sədaqət, halal zəhmətə inam, insan haqqına sayğı - bunları kitab səhifələrində qalan anlayışlar kimi təqdim etməməliyik. Bunlar bizim həyat tərzimizə çevrilməlidir.

Rəfiqə xanımın “Sözüm sizədir” kitabı məhz bu həqiqəti xatırladır. Sanki müəllif hər birimizə üz tutaraq deyir: özünüzü itirməyin, insanlığınızı qoruyun, mənəvi köklərinizdən ayrılmayın. Çünki insanın ən böyük sərvəti ürəyində gəzdirdiyi yaxşılıq, ən qiymətli mirası isə arxasında qoyduğu təmiz addır.

Sözün də, insanın da qiyməti var. Amma sözün qiyməti onu deyənin, insanın qiyməti isə onu necə yaşadığının hesabına yaranır. Mənəviyyatını qoruyan insan heç vaxt kasıb deyil. Çünki onun var-dövləti vicdanıdır, sərvəti insanlığıdır.

Və bu dünyada insanın özündən sonra qoyub getdiyi ən böyük əsər də elə budur: yaxşı ad, xeyirxah əməl və unudulmayan insanlıq. Rəfiqə Sadıqova da sağlığında bu əsərini yaradıb.

 

 

 

Daşdəmir ƏJDƏROĞLU