Əbülfət Mədətoğlu : - Özü bilir...
Üzü günbatana boylanır, baxır
Nələr düşündüyün bir özü bilir...
Gözündən qəm damır özündən ağır -
Çözülməz sirdi bu, sir - özü bilir!..
Durna qatarından düşən lələk də
Boğulan arzudu , elə bələkdə!
Sovurub ələyir ömrü ələkdə -
Kimə qurban deyib, Pir özü bilir!..
Çırpınan bu yorğun ürək uçuq dam,
Tənhalıq əlindən bir gün uçar tam!..
Bir duam qalıbdı gərək uçurdam -
Göyə,bu duamı BİR özü bilir!..
Adi bir səhnədi boylanıb baxmaq,
Atəşə təkandı barmaqda çaxmaq!..
Araza sarılıb Xəzərə axmaq -
Bu necə vüsaldı? - kür özü bilir!!