Əbülfət Mədətoğlu  : - Neçə dili var görəsən, həsrətin?!.

Ədəbiyyat 11:29 / 03.06.2023 Baxış sayı: 1524

 

Ömür boyu mən nəfsimdən qorundum,

Od-ocaqdan iynə ucu qor umdum...

Aramaqdan, axtarmaqdan yoruldum -

Neçə dili var görəsən, həsrətin?!.

 

Tapmaq üçün bu zamanda baş yolu,

Çox tapdadım torpaq yolu, daş yolu...

Göstərəydi Allah mənə kaş yolu -

Neçə dili var görəsən , həsrətin?!.

 

Sahib çıxmır indi daha vaxt vədə,

Qatarlanıb gör nə qədər vaxt , vədə...

Neçə məna gizlənibdi hər "və"-də -

Neçə dili var görəsən , həsrətin?!.

 

Sarı simi kökləməkdi ustalıq,

Bu bölgüdə alt böləndi, üst qalıq!..

Sevgimizdə sevgi qədər qutsalıq -

Neçə dili olur -olsun, həsrətin!