Coşqun Xəliloğlu - HAMIMIZIN DOĞMA EVİ
(KÖHNƏ ŞEİRLƏRDƏN)
Dünyanın qaniçən cahangirləri
Dünyaya oğul yox düşmən gəliblər.
Hiiyləylə ortaya salıb şərləri
Xeyirin bağrını didib, dəliblər.
Kələfin ucunu tapmaq müşküldü,
O ucu yamanca dolaşdırıblar.
Hara baxırsansa, çirkabdı, kirdi,
Dünya təmiz idi bulaşdırıblar
İblislər, şeytanlar çoxalıb yaman,
Yalan siyasətlə başa keçiblər.
Necə də dəyişir, pisləşir dövran,
Müdrik kişilərsə çoxdan köçüblər.
Dünya nə sənindir, nə də ki, onun,
Dünya hamımızın doğma evidir,
Dünya “Payın verib” neçə fironun,
Evdə ocaq çatmaq nadan səhvidir.
Yox-yox, belə getməz dünyanın işi,
Hiyləsiz-kələksiz zaman gələcək.
Dünyanı xəlq edən o böyük Kişi
Özü şeytanlara əncam çəkəcək.