Ayaz Arabaçı - Proloqsayağı..

YAZARLAR 13:35 / 14.01.2026 Baxış sayı: 2695

 

Bu hekayəni qələmə almağa nə gücüm, nə də həvəsim vardı, oldu-keçdi bir şey kimi qəbul edib bu mövzunun başını bağlamağı düşünürdüm. Amma sonra elə şeylər oldu ki, mən yaddaşımı təzələyə-təzələyə olub bitənləri bir də vərəqlərdə şəkilləndirmək qərarına gəldim.

"Bir manatlıq" taksidən köhnə çay fabrikinin yanında düşdüm.

Axşamdan başlayan qar yolu-izi bağladığından maşınlar təkəm-seyrək dəyirdi gözə. Adamlar qalın kürkdə bizonları xatırladırdı.

Burda 28- tərəfdə günəş çıxmışdı, həm də elə-belə yox, yanvarın ortasında qışa meydan oxurcasına. Günəşə ac gözlərimlə, onu uzun müddə seyr eləyərək istiliyini sonsuzadək gözlərimdə qapatmaq istəyirdim. Qar güclənirdi. Havanın üzündəki ifadədən hiss olunurdu ki, bir azdan günəşi paketləyib atacaq buludların dalına. Üzü parka tərəf gedən yolda iki dəfə sürüşüb yıxıldıqdan sonra addımlarımı diqqətlə atmağa və qarla daha çox ehtiyatlı davranmağa qərar verdim. Rəşidlə 12-də görüşəcəkdik..Mən saat 10-da çıxmışdım evdən. Əqrəblər xeyli irəliləsə də hələ vaxta vardı.

Önümdə qəfil bitən dilənçi qadının "Allah balalarını saxlasın"alqışına 50 qəpik verib yoluma davam etdim.Axşamdan yağan qara əvvəlcə hirslənsəm də qəlbimi sonsuz fərəhlə doldurduğundan indi ona hüsn-rəğbətim artmışdı. Qar şəhəri əməlli-başlı korreksiya eləmişdi,yolların çala-çuxurlarını örtmüş, zibil yeşiklərini gizlətmişdi.Vaxta hələ vardı,parka keçdim. Ağappaq qar şəhərin həm cismini , həm də ruhunu qaranlıq və bulanıq görüntülərdən təmizləmişdi.

Mən hələ də bir neçə həftə əvvəl oxuyub sona çatdırdığım kitabın təsirindən çıxa bilməmişdim..Heyrətləndiyim və düşünməyə vadar olduğum cümlələrin altından yaddaş üçün qırmızı xətt çəkməyimə baxmayaraq, gözlərimi ani olaraq yuman kimi həmin cümlələri olduğu kimi görürdüm.Hər kəsdən gizlətdiyim qəribəliklər vardı məndə.Əvvəllər qurşandığım qumar oyununda da kartların o biri üzünü görə bilirdim.Pula güclü ehtirasım olmadığından və bu oyun məndə artıq təlaş və həyəcan yaratmağdığından o oyuna son verdim.

Olur ki, bəzən küçədə lap ciddi bir adam görəndə saxlayıb, ona gülməli bir lətifə danışmaq istəyirəm.Bəzən də avtobusda gedərkən elə bilirəm çimərlikdəyəm..Bir dəfə ortası qarmon kimi açılıb yığılan böyük avtobusun sürücüsündən soruşdum ki, toylara neçəyə gedir..Kişi təəccüblə üzümə baxıb mən "muzıkant" deyiləm dedi.. Mən də qeyri-ixtiyari, bəs onda bu qarmonu niyə almısan dedim.

Ən qəribə və inanmaz şey isə ikiləşməyimdir.Bəzən özümü skamyada oturub siqaret çəkdiyim halda görürəm, bəzən də kiminləsə şirin-şirin söhbət edən halda.Bu nəsə dərin bir mövzu olduğundan izahı üçün özümü yorub,əldən salmaq fikrim yoxdur.

Olsun ki, bu şeylər mənim psixikamla daha çox əlaqəlidir, amma hisslərimə və gücümə inamım məndə müalicəlik bir şeyim olmadığına zəmin yaradır.Düzdür, bir az içənəm,bu da təsəvvürün dəyişməsi,tənhalıq əzabından qaçılması, həyata sevginin güclənməsi üçün pis deyil.

Qarşıdakı binanın üzü parka baxan pəncərəsi açıqdı. Parkda üç-dörd qarğadan və məndən başqa kimsə yoxdu. Qar sakitlik gətirmişdi. Gözlərim pəncərəyə yönəldi. Pəncərədə heç kim yox idi, bu soyuqda niyə açıq qoymuşdular ki..İçəri tam qaranlıqdı.Pəncərə nədənsə mənə "qara dəliy"i xatırlatdı. Özümü kosmik səyahətə çıxmış kimi hiss elədim. Hansısa cazibə məni o pəncərəyə çəkirdi. Mənə elə gəldi ki, bir azdan o pəncərə məni kamına çəkib udacaq. Başımda o qədər fikirlər cərəyan elədi ki, harda olduğumu unutdum. Dünyayla əlaqəmin pozulduğu açıq-aydın özünü biruzə verirdi.Mənə elə gəldi ki, ayrı bir koordinat sistemindəyəm..Anidən pəncərə işıqlandı və pəncərədə səmadakı günəşi alt-üst eləyən bir gözəllik peyda oldu.Başım dumanlandı və get-gedə bu duman qıpqırmızı rəngə büründü və sonra tamamən çəkilib getdi.

Aramızdakı məsafənin uzaq olmasına baxmayaraq sifətini aydınca görürdüm. O mənim gizlində saxladığım bir para hissləri vurub üzə çıxartmışdı. Aramsız olaraq necə nəfəs ala bildiyim özümə təəccüblü gəldi. Baxışlarımı onun pəncərəsindən ayırıb sol tərəfdəki reklam şitinə baxdım. Bayaq orda yeni nəsil avtomobil reklamı göz oxşayırdı. İndi isə onun şəkli vurulmuşdu- yox bu dəfə doğrudan-doğruya içimdəki bulanıq fikirlər yox olub getdi.Ürəyim artıq nələr olacağından agah idi. Dərindən nəfəs alıb bir siqaret yandırdım. Gözlərimə həkk olunmuş gülər üzü xəsarət almasın deyə kirpiklərimdə qalınlaşmış qara əl vurmaqdan qorxdum.Əlini çölə çıxardıb havada bir neçə hərf yazdı. Çox da uzaq olmayan keçmişə aid mənzərələr canlandı gözlərimdə. Mənim arzu və istəyimdən asılı olmayan bir şeylər baş verirdi. Yüngül külək başladı, uçurumun kənarındaymışam kimi ayağım yerdən üzüldü. Bütün bədənimlə yuxarıya doğru qalxdığımı hiss elədim.Başqa vaxt olsa bəlkə qorxardım, amma indi bu hiss tamamilə yox olmuşdu. İxtiyarında olduğum külək məni yavaş-yavaş pəncərəyə qaldırırdı.Get-gedə duyğularım cilalanır, düşdüyüm vəziyyətdən zövq almağa başlayırdım. Beləcə səmanın maviliklərinə qərq olmaq, qalaktikadakı bütün dalğalara qoşulmaq istəyirdim. Amma yox külək məni o qızın pəncərəsinə qaldırırdı. Bu təxminən yuxuda uçmaq kimi bir şey idi..Yuxudaydımmı?..Yəqin ki yox desəm inanmayacaqsınız.

Ancaq mənim sizi inandırmaq kimi bir öhdəliyim olmadığından çox rahatam.

Birdən-birə bir an içində qalxacağım yerə çox yavaş-yavaş çatırdım, onu da deyim ki, özümü ağır xəstəlikdən möcüzə nəticəsində qurtulmuş adam kimi hiss etməyə başlamışdım.Emosianal neyron sistemimdə mənə cənnət həzzi yaşadan hansısa dəyişikliklər baş verirdi.Bu uzun illər yuxusuzluqdan olmazın əziyyət çəkən bir adamın qəflətən şirin yuxuya getməsi kimi bir şey idi. İndi onun bərabərində idim,eləcə havada durmuşdum, həyatım üçün təhlükəli olacaq neçənci mərtəbədəsə.Bütün bunlar mənim üçün maraqlı deyildi və mən izaholunmaz bir xoşbəxtlik duyğuları içində idim. Qız daha çox gülümsəməyə başladı və bu mənə daha çox nəşə gətirdi.O mənimlə hansısa başqa dildə danışmağa başladı.Qulağıma bu qədər gözəl gələn sözləri sanki nə vaxtsa eşitmişdim, ona qulaq asa-asa mən də o dildə danışmağa başladım...

-Hər şey yuxu kimidir,-deyilmi?

Kəskin nüfuzedici baxışları ürəyimin dərinliklərinə işlədi. Alın damarlarım şişdi və gicgahlarımda qanın var-gücüylə vurduğunu

hiss etdim.Təsirlənmişdim,hansısa bir enerjinin sehrindəydim.

Artıq Rəşidlə görüşüm unudulmuşdu.Qəribə idi bütün bu olanlara məntiqi dəlil tapıb, hansısa izaha nail olmaq üçün heç bir şey fikirləşmirdim.Bəlkə də sonralar bu işə saatlarca vaxt sərf etmək bəzi kitablar və nümunələr oxumaq olardı. Ancaq bunlar mənə lazım idimi...

İçimdəki xəfif ürpəriş geridə qalmışdı.Bütün günümü bu qızla keçirmək istəyirdim.Məni bu şəkildə yuxarı qaldıran cazibənin bu qız olduğuna əmin idim, astaca soruşdum:

-Mənim buraya necə qalxdığımı söyləyə bilərsənmi?

O isə nəzərlərini üzümdən ayırmadan, telefonun zəng çalır dedi.

Ciblərimi eşələsəm də telefonumu tapmadım, evdə unutmuş olduğumu xəyal etdim..O isə özümü itirdiyimi görüb, pəncərəsinin altındakı ağaca işarə etdi-odur bax orda!

Aşağı baxanda telefonumu gördüm.Qarın üstünə düşmüşdü.Qəfildən zəngin səsini də eşitdim,bir az da diqqətlə baxıb zəng vuranın kimliyini ekrandan oxumaq istərkən telefon öz-özünə ağzı üstə çevrildi.

Qızın nəfəsini üzümdə hiss elədim,sanki içimdə nəsə qanadı. Qarğaların kinayəli və boğuq qəhqəhələri küçəni başına götürmüşdü.