Ayaz Arabaçı : - İlk şeirim bu şəklimlə çıxıb..

Ədəbiyyat 14:53 / 15.02.2025 Baxış sayı: 1349

 

"Mən sənə bir şirin yalan demişəm"

 

Bəlkə ağıl sevib, ürək aldanıb,

Mən nə qazandım ki, şam kimi yanıb,

Bir gün bu dünyanı zarafat sanıb,

Mən sənə bir şirin yalan demişəm.

 

Bu eşq ürəyimdə ötəri hissdi,

Çox qızıl güman var, axırı misdi,

Bəlkə də yaxşıdı, bəlkə də pisdi,

Mən sənə bir şirin yalan demişəm.

 

Havalar hüzünlü-matəmsayağı...

Həyat qaşqabaqlı, ömür bayağı,

Quruyub dilimin əli, ayağı,

Mən sənə bir şirin yalan demişəm...

 

Yalan donundadır həqiqət elə,

Qovuşa bilməzsən min yol qət elə...

Ya məni bağışla, ya nifrət elə,

Mən sənə bir şirin yalan demişəm...

 

 

Sağalmaz bu yara zamanla-vaxtla...

Qırdım ürəyini, bilməm nə haqla,

Kəs məni ömürlük sinifdə saxla...

Mən sənə bir şirin yalan demişəm.

 

Basmamış yolları toz, çıxım gedim,

Bu eşq bir yuxuydu, yoz, çıxım gedim,

Adımı qəlbindən poz, çıxım gedim...

Mən sənə bir şirin yalan demişəm.

Şəkilin açıqlaması yoxdur.