AY Bəniz  Əliyardan İKİ ŞEİR

Ədəbiyyat 09:19 / 18.11.2025 Baxış sayı: 843

 GEDƏN ATLI

Bu necə yol, necə yürüş?

Yer dözməz bu çaphaçapa.

Atlı, dayan, atından düş,

düş, məni də apar, apar...

 

Atlı, dayan, dur, atının

yeminə bax, otuna bax...

Yollar yorub qanadını,

bir hovur dur, atına bax.

 

Sən də evindən qaçaqsan,

Mən də sığmıram evimə.

Sən də özündən uzaqsan,

mən də uzaqlar sevənəm.

 

Atlı, dayan, fikrin nədi,

bax, tər tökür atın yalı.

Xurcunun ağrı yüklüdü,

ürəyin qara sevdalı.

 

Dinlə, sonra çıx get belə,

bir qamçı al kəhərindən.

Nolar, məni də müjdələ

xəyalların şəhərindən.

 ***

 

Nədən bu payızda çiçəklədin sən,

Yazın tez bitdimi, alça ağacı?

Qarışqa görməyən, arı öpməyən

Tozun tez bitdimi, alça ağacı?

 

İndi küləyin bol, yağışın soyuq,

Bəxtinə qızdınmı, taleyinəmi?

Hardasa, bəlkə də, eyni haldayıq,

İnadsan, bilirəm, lap mənim kimi.

 

Tumurcuq fidanlar günə aldanıb,

Bu gündə o fidan çətin isinə..

Səni arxasında duran dağ sanıb,

Sən də günahkarsan göyərməsinə.

 

Barış, boynuna al, yüngülləş barı,

Günahın böyükdür, alça ağacı.

O cavan fidanın tumurcuqları,

Sənə ağır yükdür, alça ağacı.

 

Qurtul o yükündən, hava soyuyub,

Noyabr gəlibdir, xəbərin yoxdur.

Bəlkə, budağında bir eşq uyuyub,

Bir ruh göyəribdir, xəbərin yoxdur.