AY Bəniz Əliyar - Yağış yağa
Yağış yağa, pəncərəmi döyəsən,
Bitirəsən həsrətini yolların.
Görüm, yenə islanıbdı saçların,
Görüm, yenə islanıbdı qolların.
Sanki səni suya basıb çəkiblər,
Gözündəki gülüşlərdən su damır.
Əlindəki çiçəklərin islanıb,
Dodağında öpüşlərdən su damır.
Yağış yağa, çaxa şimşək nagahan,
Sala yerə dilimdəki sözümü.
Lap qaçaraq uşaq kimi qorxudan,
Yaş sinənə sıxam yenə özümü.
Gecə bitə, yağış kəsə, kövrələm,
Göz yaşlarım yenə axa içimə.
Əllərimi ovudasan əlində,
Əllərindən yağış yağa gecəmə.