Aləmzər Sadıqqızı - Ölümə qalıb...

Ədəbiyyat 10:41 / 22.01.2026 Baxış sayı: 5224

 

Mənim həsrətimin ünvanı çoxdu.

Bitirə bilmirəm ,keçə bilmirəm.

Hansını sinəmə birinci sıxım?

Ayıra bilmirəm, seçə bilmirəm.

 

Bir ömür sınaqdan sınağa girdim,

Ömürdü, həyatdı, bilə bilmədim...

Dərdmi mənim idi, mənmi dərdinəm?

Nə çözə bilmədim, ölə bilmədim.

 

Mən qəmin özüyəm,qəmdən yazıram.

Şur üstə oxuyan bülbül misalı...

Hələ də içimdə məni gözləyir,

Bir gün yazacağım ömür masalı.

 

Hələ yol gedirəm neçə həsrətə,

Yollarım hələ də dumandı, cəndi.

Bir saray tikmişəm Allahın altda,

Özülü kədərdi, divarı qəmdi.

 

Mənim ürəyimin balası həsrət,

Könlüm lay-lay deyir qəm səfasına.

Atam köcən gündən zamansızlığa,

Hələ uduzuram dərd havasına.

 

Kimsə güldürübsə tənhalığımı,

Ardından gözumdən sellər ələyib.

Bu qəmi alnıma Allahım yazıb,

Anamın əliylə sarıb, bələyib.

 

Aləmin gözünü güldürən mələk,

Ağladan mələyin düşməni olub.

Hər iki mələyin mən can dostuyam,

Barışıq deyəsən ölumə qalıb.

22.1.2025.