Aləmzər Sadıqqızı - İndi də gedirəm uzaqlarına...
Bir az köməyim ol, bir az dayağım,
Bu zalım həyata tutunmağıma.
Əlimi üzməyə qoyma əzizim,
Dünyanı, həm səni unutmağıma...
Səni unutmağım asandan asan,
Özümü unuda bilmirəm axı...
Sən məni bilmədin bilənlər bilir,
Mən ki, başqa cürə gülmürəm axı...
Dünən söz vermişdim özümə gəlim,
Bu günsə özümdən çıxıb gedirəm.
Bilmirəm özümü kimə tapşırım...
Allahın üzünə baxıb gedirəm.
Əmanət edirəm öz ürəyinə,
Səni aparmasın mənsizliyinə...
Bəlkə də cəhənnəm daha gözəldir,
Mən səndən gedirəm sənsizliyimə...
Nə ara, nə də sor kimsədən məni,
Haçansa gələrəm yuxularına,
Sənin yaddaşında min çicək ətri,
Məni qarışdırma qoxularına...
Nə mənim ürəyim, nə də ki, sevgim,
Dözməz ayrılığın sazaqlarına,
Mən sənə uzaqdan qonaq gəlmişdim,
İndi də gedirəm uzaqlarına...
14.1.2025.